Deputat distant iş modelinin qanunvericilikdə əksini tapmasını vacib addım hesab edir

Tarix: 16 Dec 2025 13:24

“Əmək Məcəlləsinə dəyişikliklər içərisində məsafədən işləmə - yəni distant iş modelinin qanunvericilikdə öz əksini tapması son dərəcə vacib və vaxtında atılmış addımdır”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fatma Yıldırım Əmək Məcəlləsinə təklif edilən dəyişikliklərin müzakirəsində deyib.

Deputat bildirib ki, əmək münasibətlərinin çevikləşməsi və müasir dövrün reallıqlarına uyğunlaşdırılması artıq zərurətə çevrilib: “Pandemiya dövründə gördük ki, bir çox sahədə işin məsafədən təşkili mümkündür və bu, həm məhsuldarlığa, həm də işçi məmnuniyyətinə müsbət təsir göstərir. Xüsusilə texnologiyanın sürətli inkişafı və rəqəmsal transformasiyanın dərinləşməsi fonunda distant iş modeli artıq alternativ deyil, əsas iş formalarından birinə çevrilməkdədir.

Bu yanaşma eyni zamanda sosial inklüzivliyi də təşviq edir. Qadınların, gənclərin, ailə-məişət şəraitinə görə iş yerinə davamlı şəkildə gedə bilməyənlərin, eləcə də fiziki məhdudiyyətli şəxslərin əmək bazarına qoşulması üçün yeni imkanlar yaradır. Regionlarda yaşayan insanların paytaxtda yerləşən təşkilatlarda məsafədən işləməsi, kadr potensialının bərabər şəkildə səfərbər olunmasına imkan verir. Bu isə regionların sosial-iqtisadi inkişafında da mühüm rol oynaya bilər”.

Deputat diqqətə çatdırıb ki, nəqliyyat yüklənməsinin azalması, enerjiyə qənaət və karbon emissiyasının azalması bu modelin əlavə üstünlüklərindəndir.

Firuzə Vahid

Xəbər Lenti