Nazir: Rəqəmsal həllər və dayanıqlı istehsal aqrar siyasətin əsas prioritetlərindəndir

Tarix: 17 Dec 2025 11:00

Rəqəmsal həllərin tətbiqi, elektron kənd təsərrüfatı platformasının genişləndirilməsi, ekoloji cəhətdən dayanıqlı istehsal modellərinə keçid dövlət siyasətinin əsas istiqamətlərindəndir. “APA-Economics” xəbər verir ki, bunu aqrar biznes festivallarına həsr olunmuş yekun tədbirdə çıxışı zamanı kənd təsərrüfatı naziri Məcnun Məmmədov deyib.

O qeyd edib ki, iqlim dəyişikliklərinin təsirlərinin azaldılması, torpaq və su ehtiyatlarından səmərəli istifadə və dəqiq kənd təsərrüfatının tətbiqi aqrar sektorun rəqabətqabiliyyətliliyini daha da artırır:

“Məhz bu strateji hədəflərin regionlarda təşviqi məqsədilə Aqrar Biznes Festivalları təşkil olunub. Cari ildə ölkənin 13 iqtisadi rayonunu əhatə edən 28 rayonda 32 festival keçirilmiş, bu tədbirlərdə 400 mindən artıq fermer və sahibkar iştirak edib, 8 milyon manatdan artıq satış icra olunub. Festivallar çərçivəsində toxum sərgi-satış yarmarkaları, kredit yarmarkaları, panel müzakirələr və təlimlər təşkil edilib”.

“Bu festivallar kiçik və orta sahibkarlığın inkişafına, qadın fermerlərin və gənclərin aqrar sahəyə fəal cəlb olunmasına, bilik və təcrübə mübadiləsinin genişlənməsinə mühüm töhfə verib. Eyni zamanda, məhsul festivalları regionların ixtisaslaşmış kənd təsərrüfatı məhsullarının tanıdılmasına və brendləşdirilməsinə şərait yaradıb”, - deyə nazir bildirib.

Əşrəf Mehdiyev Məcnun Məmmədov aqrar siyasət

Xəbər Lenti