Nazir: Artıq özəl şirkətlərin məhsulları dövlət sifarişi çərçivəsində Silahlı Qüvvələrə təhvil verilir

Tarix: 17 Dec 2025 19:50

"Silahlı Qüvvələrin ehtiyaclarının operativ və keyfiyyətli təmin edilməsi məqsədilə müdafiə sənayesi müəssisələrində genişmiqyaslı modernizasiya işləri aparılır, istehsal sahələri yenilənir, rəqəmsallaşma və avtomatlaşdırma səviyyəsi artırılır”.

APA xəbər verir ki, bunu müdafiə sənayesi naziri Vüqar Mustafayev "Müdafiə Sənayesi Nazirliyi işçilərinin peşə bayramı: 20 illik inkişaf yolu" adlı tədbirdə deyib.

Nazir zavodların istehsal imkanlarının artırılması nəticəsində dövlət müdafiə sifarişlərinin vaxtında və keyfiyyətlə icrasının təmin edildiyini, eyni zamanda ixrac potensialının genişləndirildiyini diqqətə çatdırıb.

Vüqar Mustafayev müdafiə sənayesi sahəsində özəl sektorun roluna xüsusi diqqət yetirərək, hazırda 15 özəl şirkətin bu sahədə lisenziya əsasında fəaliyyət göstərdiyini, bu şirkətlərin dron texnologiyaları, süni intellekt, elektronika, radio-elektron mübarizə, raket sistemləri və digər yüksək texnoloji istiqamətlər üzrə istehsal və tədqiqatlar apardıqlarını diqqətə çatdırıb. O, artıq bir sıra özəl şirkətlərin məhsullarının dövlət sifarişi çərçivəsində Silahlı Qüvvələrə təhvil verildiyini də vurğulayıb.

Firuzə Vahid

Xəbər Lenti