AYİB AccessBank-a 20 milyon dollar kredit ayırır

Tarix: 18 Dec 2025 10:38

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) "AccessBank"a 20 milyon ABŞ dollarınadək (17,1 milyon avro) kredit ayırır.

Bu barədə "APA-Economics"ə EBRD-dən bildirilib. Qeyd edilib ki, razılaşmaya əsasən, AccessBank AYİB vəsaitlərini Azərbaycanın müxtəlif bölgələrində gənclərə məxsus və gənclər tərəfindən idarə olunan KOS-lara yönəldəcək. Bu vəsait onların böyüməsi, innovasiyaların tətbiqi və ölkənin iqtisadi inkişafına töhfə verməsi üçün zəruri kapitalı təmin edəcək.

Bu kredit həmçinin "AccessBank"a bazarın strateji əhəmiyyətli seqmentinə çıxış imkanı verəcək və Azərbaycanda gənclərə məxsus və gənclər tərəfindən idarə olunan müəssisələr üçün güclü investisiya potensialını nümayiş etdirəcək.

Avropa İttifaqı (Aİ) bu krediti Avropa Davamlı İnkişaf Fondu Plus (EFSD+) çərçivəsində təqdim etdiyi "Qonşuluqda Maliyyə İnklüzivliyi" proqramı vasitəsilə ilkin zərər riskinin qarşılanması formasında dəstəkləyir.

Kredit Azərbaycanda EBRD-nin “Gənclər Biznesdə” proqramı çərçivəsində verilən ilk maliyyə dəstəyidir və ölkənin gənc sahibkarlarını dəstəkləmək istiqamətində mühüm mərhələni qeyd edir. Kiçik və orta sahibkarlıq subyektləri güclü iqtisadiyyatların dayağıdır və gənclər sahibkarlığının dəstəklənməsi Azərbaycanın iqtisadiyyatını şaxələndirmək və özəl sektoru gücləndirmək baxımından həlledici əhəmiyyət daşıyır.

EBRD-nin “Gənclər Biznesdə” proqramı artıq Mərkəzi Asiya, Misir, Mərakeş, Türkiyə və Qərbi Balkanlarda fəaliyyət göstərir. Proqramın məqsədi gənc sahibkarların mülkiyyətində və ya idarəçiliyində olan KOS-ların həm maliyyə, həm də qeyri-maliyyə xidmətlərinə çıxışını təmin etməkdir.

EBRD Azərbaycanda aparıcı institusional investor olaraq qalır və indiyədək ölkədə 200 layihə vasitəsilə 3,7 milyard avro investisiya yatırıb. Bankın Azərbaycan üzrə strategiyası qeyri-neft sektorunun və yerli maliyyə qurumlarının dəstəklənməsinə, həmçinin yaşıl iqtisadiyyata investisiyaların artırılmasına yönəlib.

APA-Economics AYİB EBRD Accessbank Azərbaycan maliyyə kredit gənc sahibkar

Xəbər Lenti