Ermənistanın yanacaq bazarında yeni mərhələ: Azərbaycan alternativ və daha sərfəli tədarükçü kimi önə çıxır

Tarix: 18 Dec 2025 14:02

Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyasının göndərilməsi regionun enerji və iqtisadi münasibətlərində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Ekspertlərin fikrincə, bu addım təkcə ikitərəfli ticarət əlaqələrinin formalaşması deyil, həm də Ermənistanın yanacaq bazarında idxalın şaxələndirilməsi və Cənubi Qafqazda logistika imkanlarının genişlənməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev “APA-Economics”ə bildirib ki, hazırda Ermənistanın neft və neft məhsullarına illik tələbatı 480 min tondan artıqdır. Bu həcmin təxminən 70 faizini benzin, dizel və aviasiya yanacağı təşkil edir.

Onun sözlərinə görə, Ermənistanın yanacaq bazarında əsas pay uzun illərdir Rusiyanın üzərinə düşür. 2025-ci ilin ilk yarısında bu göstərici 72–75 faiz təşkil edib. Ermənistanla Rusiya arasında mövcud sazişə əsasən, Rusiyadan idxal edilən neft məhsulları gömrük rüsumundan azaddır. Digər əsas tədarükçü isə İrandır. Bununla yanaşı, məhdud həcmdə Türkiyə, Rumıniya və Bolqarıstandan idxal həyata keçirilir.

Z. Vəliyev qeyd edib ki, mövcud geosiyasi və iqtisadi reallıqlar fonunda Azərbaycan Ermənistan üçün daha əlverişli və rasional tədarük mənbəyi ola bilər. Onun sözlərinə görə, Azərbaycan region ölkələrini neft məhsulları ilə təmin etmək üçün həm istehsal, həm də logistika baxımından kifayət qədər potensiala malikdir.

Ekspert xatırladıb ki, 1988-ci ilə qədər Azərbaycan Ermənistanı neft məhsulları ilə təmin edib, bu gün də texniki baxımdan bu imkanlar mövcuddur. Hazırkı şəraitdə Azərbaycandan neft məhsullarının tədarükü Ermənistan üçün həm qiymət, həm təchizat zənciri, həm də çatdırılma müddəti baxımından daha sərfəlidir. Bununla belə, iqtisadi əlaqələrin davamlı xarakter alması üçün sülh müqaviləsinin imzalanmasının vacibliyi vurğulanır.

Rusiyanın istehsal problemləri və risklər

Z.Vəliyevin sözlərinə görə, Rusiyada Avro-5 standartlarına cavab verən 28-dən çox Neft Emalı Zavodu fəaliyyət göstərir. Ukrayna müharibəsinin aktiv fazaya keçməsindən sonra bu zavodların təxminən yarısı sıradan çıxarılıb və onların əvvəlki istehsal gücünə qaytarılması 2026-cı ilin ortalarından tez mümkün görünmür.

Ekspert bildirib ki, sanksiyalar səbəbindən Rusiya Neft Emalı zavodlarında istifadə olunan avadanlıqları birbaşa Avropadan əldə edə bilmir və bu proses üçüncü ölkələr üzərindən həyata keçirilir. Bu isə əlavə xərclər və gecikmələr yaradır. Nəticədə yaxın dövrdə Gürcüstan və Ermənistanın yanacaq təchizatında problemlərin yaranacağı istisna edilmir.

Logistika və İran faktoru

Ekspert qeyd edib ki, Rusiyadan Gürcüstan üzərindən Ermənistana neft məhsullarının daşınması olduqca baha və vaxt aparan prosesdir. Bir ton yanacağın Gürcüstan ərazisi ilə dəmiryolu vasitəsilə daşınması 160–170 dollar təşkil edir. Daşıma marşrutlarının mürəkkəbliyi səbəbindən çatdırılma müddəti 20 günü ötür.

İranla bağlı isə bildirilib ki, bu ölkədəki neft emalı zavodları Avro-5 standartlarına cavab vermir və istehsal olunan məhsulların keyfiyyəti aşağıdır. Bundan əlavə, İran artıq bir neçə ildir enerji böhranı ilə üz-üzədir və mövsümi tələbat artımı fonunda daxili bazarda da çətinliklər yaranır.

Azərbaycanın üstünlükləri və normallaşma mesajı

Ekspertlərin fikrincə, Ermənistanın Azərbaycandan yanacaq tədarük etməsi bütün parametrlər üzrə daha məqsədəuyğundur. Ermənistanda mövcud olan 12 neft terminalının böyük hissəsinin Azərbaycan sərhədi istiqamətində yerləşməsi də bu üstünlüyü artırır. SOCAR vasitəsilə həyata keçirilən tədarük Ermənistanın enerji təhlükəsizliyi baxımından maraqlarına cavab verir.

Sülh və normallaşma sənədlərinə sadiqliyin praktik göstəricisi

Neft Araşdırmaları Mərkəzinin rəhbəri, enerji məsələləri üzrə ekspert İlham Şaban "APA-Economics"ə bildirib ki, iki ölkə arasında diplomatik münasibətlərin olmamasına baxmayaraq, bu ticarət əməliyyatı sülh və normallaşma sənədlərinə sadiqliyin praktik göstəricisidir. Onun sözlərinə görə, bu, həm də kommersiya qurumları arasında maliyyə əməliyyatlarının başlanğıcı kimi qiymətləndirilə bilər: “Ermənistanla Azərbaycan arasında ilk ticari əlaqələrin iki ölkə arasında diplomatik münasibətlərin olmadığı şəraitdə başlaması rəsmi Bakı və İrəvanın Vaşinqtonda sülhə dair imzalanmış sənədə sadiqliyini bir daha təsdiqləyir.

Hazırda reallığa çevrilən bu ticari əməliyyatın əsas özəlliklərindən biri onun kommersiya xarakteri daşımasıdır. Bu, təkcə iki ölkə arasında neft məhsullarının ticarəti deyil, eyni zamanda kommersiya qurumları arasında, hətta üçüncü tərəflərin iştirakı ilə maliyyə əməliyyatlarının başlanğıcı kimi də qiymətləndirilə bilər.

Bu prosesi Ermənistanın neft məhsulları bazarında yeni tədarük mənbəyinin formalaşması və idxalın şaxələndirilməsi istiqamətində atılmış ciddi addım hesab edirəm.

Təbii ki, Azərbaycanla Ermənistan arasında neft məhsulları ticarətinin başlanması bütün Cənubi Qafqaz regionunda nəqliyyat və logistika imkanlarının genişlənməsi baxımından da mühüm əhəmiyyət daşıyır.

Qeyd etmək lazımdır ki, postsovet dövründə Ermənistanın neft məhsulları və ümumilikdə enerji bazarında Rusiya böyük paya malik olub, bu mövqe bu gün də qalmaqdadır. Bu kontekstdə, Azərbaycandan neft məhsullarının gələcəkdə davamlı idxalı Ermənistanın yanacaq bazarında rəqabətin artmasına şərait yarada bilər.

Ermənistanın neft məhsulları bazarı həcm baxımından böyük olmasa da (illik idxal təxminən 500 milyon dollar təşkil edir), bu sahə hər iki ölkə üçün ticari münasibətlərdə xüsusi çəkiyə malik perspektivli sektor kimi önə çıxa bilər”.

Aİ-95 markalı benzinin tədarükü Ermənistanın Rusiyadan asılılığını azaldacaq

STEM Analitik Mərkəzinin direktoru Orxan Yolçuyev isə qeyd edib ki, Azərbaycan istehsalı olan neft məhsullarının Ermənistana göndərilməsi normallaşma prosesinin mühüm tərkib hissəsidir. Onun fikrincə, xüsusilə Aİ-95 markalı benzinin tədarükü Ermənistanın Rusiyadan asılılığını azaltmaqla yanaşı, strateji ehtiyatların təmin olunmasına imkan yaradacaq:

“Azərbaycan istehsalı olan neft məhsullarının Ermənistana göndərilməsini ümumilikdə normallaşma prosesinin bir hissəsi kimi qiymətləndirmək olar. Strateji məhsullardan olan Qazaxıstan buğdasının Azərbaycan üzərindən Ermənistana ötürülməsi ilə regionda tranzit məhdudiyyətlərinin aradan qaldırılması istiqamətində mühüm addım atıldı. Hazırda isə Azərbaycan birbaşa öz məhsulunu - Ermənistanın ən çox ehtiyac duyduğu neft məhsullarını, o cümlədən benzin göndərir.

Ermənistan benzin idxalından ciddi şəkildə asılıdır. Bu illər ərzində ölkə neft məhsullarının, o cümlədən benzinin idxalı məsələsində əsasən Rusiyadan asılı olub. Azərbaycanın bu jesti — neftimizin, o cümlədən Aİ-95 markalı benzinin Ermənistana göndərilməsi — onların strateji məhsullarının diversifikasiyasına imkan yaradır və bu sahədə Rusiyadan asılılığın azalmasına şərait formalaşdırır.

Eyni zamanda, Ermənistan bizim satacağımız neft məhsulları hesabına öz strateji ehtiyatlarını da təmin etmiş olur. Hazırda ölkənin neft və yanacaqla bağlı strateji ehtiyatları tükənmək üzrədir, xüsusilə qış aylarında neft məhsullarına tələbat daha da artacaq.

Bu addımımız Ermənistan üçün ciddi stimul yaradır və normallaşma prosesinə əlavə təkan verir. Hazırda inam tədbirləri davam edir və Azərbaycanın bu jestləri Ermənistan cəmiyyətində də müəyyən sağlamlaşma proseslərinə yol açmalıdır. Azərbaycan hərtərəfli şəkildə sübut edir ki, müharibə mərhələsi artıq geridə qalıb. Biz biznesə, əməkdaşlığa və regionda yeni reallıqların, sabitliyin formalaşmasına maraq göstəririk. Bu cür layihələrin həyata keçirilməsi isə regionda sabitliyi və dayanıqlı inkişafı daha da gücləndirəcək”.

Ekspertlərin ümimi rəyi budur ki, bu addım regionda etimad tədbirlərini gücləndirir, müharibə mərhələsinin geridə qaldığını göstərir, Cənubi Qafqazda sabitlik, iqtisadi əməkdaşlıq və dayanıqlı inkişaf üçün yeni imkanlar açır.

Rahim Tarıverdiyev

Emil İsmayılov

Əşrəf Mehdiyev

Azərbaycan Ermənistan neft məhsulları

Xəbər Lenti