Çərşənbə axşamı, 5 May, 2026
Tarix: 05 May 2026 16:19
Qlobal oyun sənayesinin 2030-cu ilə qədər 500 milyard dollar dəyərə çatacağı proqnozlaşdırılır və belə bir dövrdə yeni inkişaf edən texnoloji mərkəzlərə diqqət artmaqdadır. Bu kontekstdə Azərbaycanda rəqəmsal ekosistemin qurulması və innovativ texnologiyaların tətbiqi ölkənin regionda liderə çevrilməsi üçün möhkəm zəmin formalaşdırır.
Bu barədə "APA-Economics"ə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindən (İRİA) bildirilib.
Son illərdə ölkə iqtisadiyyatının qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən strateji siyasət Azərbaycanın texnoloji və innovasiya potensialının artırılmasına mühüm dəyər qazandırır. Xüsusilə startapların və yaradıcı iqtisadiyyatın dəstəklənməsi innovasiya ekosisteminin quruculuğu üçün atılan ciddi addımlardır. Yaradıcı iqtisadiyyatın inkişafında oyun sənayesinin əhəmiyyəti də vurğulanmalıdır. Son bir neçə ildə Azərbaycanda oyun studiyalarının sayında ciddi artım müşahidə edilir. Hazırda ölkəmizdə 60-dan çox oyun tərtibatı ilə məşğul olan studiya fəaliyyət göstərir və onların bir çoxu qlobal bazarlarda tanınmağı hədəfləyir.
Təbii ki, ölkədəki oyun ekosisteminin dinamik yüksəlişi “Xsolla” kimi aparıcı qlobal şirkətlərin də diqqətini cəlb edir. “Xsolla” dünya miqyasında tanınmış və oyun sənayesi üçün kommersiya həlləri yaradan platformadır. Qlobal oyun sənayesindəki tranzaksiyaların 70%-dən çoxu məhz bu platforma üzərindən həyata keçirilir. Şirkət 2024-cü ildə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) ilə əməkdaşlığa başlayıb. Bu, şirkət tərəfindən Azərbaycanın rəqəmsal potensialının yüksək qiymətləndirilməsi və regional əməliyyatlar üçün Azərbaycanın məkan olaraq seçilməsi deməkdir.
“Anews” kanalının "World Business" proqramında müsahibə verən “Xsolla” şirkətinin prezidenti Kris Huiş şirkətin qlobal strategiyası və regiondakı planlarından danışıb. Müsahibə zamanı o, Azərbaycanın texnoloji mənzərəsinin necə dəyişdiyini və ölkəmizin regional oyun ekosistemində rolunu xüsusi vurğulayıb.
APA-Economics İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) oyun sənayesi gəlirlər