Cümə, 19 Dekabr, 2025
Tarix: 19 Dec 2025 11:35
Bu ilin yanvar-noyabr aylarında Gürcüstan və Azərbaycan arasında ticarət dövriyyəsinin dəyəri 1,21 milyard ABŞ dolları təşkil edib.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib.
Ötən ilin eyni dövrünə nisbətdə dəyərdə 2,54% artım qeydə alınıb.
Hesabat dövründə Azərbaycan Gürcüstanın ümumi ticarət dövriyyəsində 5,2% payla qonşu ölkənin əsas ticarət tərəfdaşları arasında Türkiyə, ABŞ, Rusiya, Çin, Qırğızıstan və Almaniyadan sonra VII yeri tutub.
Gürcüstandan Azərbaycana 638 milyon ABŞ dolları dəyərində məhsul ixrac olunub ki, bu da illik müqayisədə 4% azdır. Azərbaycan Gürcüstanın ixracında 9,6% payla qonşu ölkənin əsas ixrac tərəfdaşları arasında Qırğızıstan, Qazaxıstan və Rusiyadan sonra IV yerdə qərarlaşıb.
Gürcüstanın Azərbaycandan idxalının həcmi isə ötən ilin analoji dövrü ilə müqayisədə 11% artaraq 573,3 milyon ABŞ dolları təşkil edib. Azərbaycan 3,5% payla ABŞ, Türkiyə, Çin, Rusiya və Almaniyadan sonra qonşu ölkənin VI əsas idxal tərəfdaşı olub.
İlk 11 ayda Gürcüstan xarici ölkələrlə ümumilikdə 23,2 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatları aparıb ki, bunun da 6,61 milyard ABŞ dolları ixracın, 16,6 milyard ABŞ dolları isə idxalın payına düşüb.
Cəmilə Babayeva Gürcüstan Azərbaycan iqtisadiyyat ticarət