- , 22 Dekabr, 2024
Tarix: 01.01.2024 19:35
Daşkəsəndə köməksiz vəziyyətdə qalan ahıl ər-arvadı qəsdən öldürməkdə ittiham olunan 40 yaşlı Şahin Ələsgərovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, iş Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Mikayıl Məmmədzadənin sədrliyi ilə araşdırılıb.
İttihamda deyilir ki, təqsirləndirilən şəxs 86 yaşlı Məhərrəm Məmmədov və onun arvadı 77 yaşlı Pəri Məmmədovanın övladlarının olmadığı üçün tənha yaşadıqlarını bilib, evdə pul olacağını düşünərək onları quldurluq niyyəti ilə öldürmək qərarına gəlib.
Müttəhim cinayət törətmək məqsədilə evə girərkən ilk olaraq P.Məmmədova ilə qarılaşıb. O, əlində olan taxta parçası ilə yaşlı qadının başına ardıcıl zərbə vuraraq ölümünə səbəb olub. Təqsirləndirilən şəxs arvadının qışqırıq səsinə çıxan əri M.Məmmədovu da eyni qaydada öldürüb. O, hadisədən sonra bir müddət sahibindən icazəsiz kənd sakinlərdən birinin evində gizlənib.
Ş.Ələsgərov məhkəmədə özünü təqsirli bilib, törətdiyi cinayət əməlinə görə peşman olduğunu deyib.
Məhkəmə istintaqının sonunda prokuror ittiham nitqi ilə çıxış edərək təqsirləndirilən şəxsin qanunun icazə verdiyi ən ağır cəzaya məhkum edilməsini tələb edib.
Hökmə əsasən, Şahin Ələsgərov köməksiz vəziyyətdə olan iki nəfəri öldürməkdə, oğurluqda, quldurluqda, mənzil toxunulmazlığını pozmaqda və əmlakı məhv etməkdə təqsirli bilinərək ömürlük azadlıqdan məhrum edilib. O, qalan ömrünü həbsxanada keçirəcək.
Sail Ağasəlim