Məhkum edilmiş gömrükçünün işinə yenidən baxılacaq

Tarix: 01.01.2024 22:50

Şimal Ərazi Baş Gömrük İdarəsinin Şirvanlı Gömrük Postunun 240 manat rüşvət almağa görə 7 il 6 azadlıqdan məhrum edilmiş əməkdaşı Cavid Məmmədovun kassasiya şikayətinə baxılıb.

“Qafqazinfo”nun məlumatına görə, Ali Məhkəmədə keçirilən iclasda məhkum gömrükçü barəsindəki qərarın ləğv edilməsini xahiş edib.

Məhkəmə kassasiya şikayətini qismən təmin edib. Cinayət işi yenidən baxılması üçün apellyasiya instansiyasına qaytarılıb.

Qeyd edək ki, Cavid Məmmədov Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib. İttihama görə, təqsirləndirilən şəxs gömrük postunda yoxlamaların səthi və sürətli aparılması müqabilində qanunsuzluqlara yol verib. O, ümumilikdə 240 manat rüşvət alıb, 400 manatı isə rüşvət qismində almağa cəhd edib.

Ona qarşı Cinayət Məcəlləsinin 311.2 (rüşvət alma) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə C.Məmmədova 2 il sınaq müddəti seçilməklə şərti cəza verilib, o, məhkəmə zalından azadlığa buraxılıb.

Hökmdən prokuror tərəfindən apellyasiya protesti verilib. Bakı Apellyasiya Məhkəməsi protesti əsaslı hesab edərək, birinci instansiya məhkəməsinin hökmünü dəyişib. Qərara əsasən C.Məmmədov 7 il azadlıqdan məhrum edilib.

Xəbər Lenti