Liviyanın Baş Qərargah rəisi və daha 4 yüksək rütbəli şəxs Ankarada təyyarə qəzasında həlak olub - VİDEO - YENİLƏNİB-3

Tarix: 24 Dec 2025 00:31

Ankaradan Türkiyədəki rəsmi səfərdən qayıdan təyyarənin qəzaya uğraması nəticəsində göyərtədə olan bütün şəxslərin həlak olub. APA xəbər verir ki, bunu Liviya Baş naziri Əbdülhəmid Dibeybe bildirib.

Baş nazirin bəyanatında deyilir ki, faciəvi qəza zamanı Liviya Baş Qərargah rəisi general Məhəmməd Həddad və onu müşayiət edən şəxslər həyatını itirib. Həlak olanlar arasında quru qoşunlar qərargahının rəhbəri general-leytenant Fituri Qaribil, general-mayor Mahmud Katiwi, Liviya Baş Qərargah rəisinin müşaviri Məhəmməd Asaavi Diab, eləcə də Baş Qərargahın Media Ofisinin fotoqrafı Məhəmməd Ömər Əhməd Mahcub yer alır.

“Türkiyədən rəsmi səfərdən qayıdarkən baş vermiş bu faciəli və kədərli qəza nəticəsində onların hamısının həyatını itirdiyi xəbəri bizi dərindən sarsıtdı”, – deyə Dibeybe bildirib.

Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

*** 23:43 Ankarada qəzaya uğrayan "Dassault Falcon 50" tipli təyyarənin qalıqları tapılıb. APA-nın Türkiyə bürosu xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb *** 23:11 Ankarada qəzaya uğrayan "Dassault Falcon 50" tipli təyyarədə Liviya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Məhəmməd Əli Əhməd Əl-Həddad və onun 5 nəfərlik nümayəndə heyəti olub. Uçuş heyətinin tərkibində 2 pilot və 1 bort bələdçisi olub. APA xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

Qeyd olunur ki, Məhəmməd Əli ƏhmƏd Əl-Həddad bu gün Türkiyənin milli müdafiə naziri Yaşar Güler ilə görüş keçirmişdi.

*** 23:01 Liviyanın Baş Qərargah rəisinin olduğu "Falcon-50" tipli biznes jet təyyarəsi Ankarada qəzaya uğrayıb. APA-nın Türkiyə bürosu xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Hadisə ilə əlaqədar Esenboğa Hava Limanında uçuşlar dayandırılıb.

*** 22:54 Ankarada xüsusi təyyarə ilə radar əlaqəsi kəsilib. APA-nın Türkiyə bürosu xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Təyyarədə Liviyanın Baş Qərargah rəisinin olduğu bildirilir.

Dəryanur Cəfərova

Xəbər Lenti