Cümə axşamı, 25 Dekabr, 2025
Tarix: 25 Dec 2025 00:00
Qəzanın baş verməsindən bir il ötür
Azərbaycan Respublikasının Bakı şəhərindən Rusiya Federasiyasının Qroznı şəhərinə J2-8243 reysi üzrə müntəzəm uçuş həyata keçirən, “Azərbaycan Hava Yolları” QSC-yə (“AZAL”) məxsus və dövlət reyestrində 4K-AZ65 nömrəsi ilə qeydiyyata alınmış Embraer 190-100 IGW tipli sərnişin hava gəmisinin Qazaxıstan Respublikası ərazisində Aktau hava limanı yaxınlığında qəzaya uğramasından bir il ötür.
APA xatırladır ki, qəza nəticəsində iki uçuş heyəti üzvü (kapitan və ikinci pilot), böyük təyyarə bələdçisi və 35 sərnişin həlak olub.
Pilotların peşəkarlığı sayəsində 29 nəfərin həyatı xilas edilib
İnsan tələfatı və xəsarət alanların olmasına baxmayaraq, pilotların, bələdçilərin yüksək peşəkarlığı, şücaəti və cəsurluğu sayəsində təyyarə qəza enişi həyata keçirib və 29 nəfərin həyatını xilas etmək mümkün olub. Qazaxıstan Respublikasında gözlənilən qəza enişi barədə məlumat daxil olduqdan dərhal sonra zəruri qəza-xilasetmə tədbirləri həyata keçirilib, sağ qalanlar təxliyə edilərək tibbi yardım göstərilib.
Prezidentə hadisə Rusiya hava məkanında olarkən məruzə edilib
25 dekabr 2024-ci il tarixində Sankt-Peterburq şəhərində keçiriləcək MDB-yə üzv ölkələrin dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək üçün Rusiya Federasiyasına səfərə yola düşmüş Prezident İlham Əliyevə Rusiya hava məkanında olarkən baş vermiş təyyarə qəzası haqqında məruzə edilib və dövlət başçısı dərhal geri dönmək barədə tapşırıq verib. Təyyarədə olarkən dövlət başçısı tərəfindən qəzanın səbəblərinin araşdırılması və təxirəsalınmaz tədbirlərin görülməsi üçün aidiyyəti dövlət qurumlarına lazımı tapşırıqlar verilib.
Təyyarə endikdən dərhal sonra Prezident İlham Əliyev hadisə ilə bağlı Heydər Əliyev Beynəlxalq Aeroportunda müşavirə keçirib, lazımı tapşırıqlar verib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun sədrliyi ilə Dövlət Komissiyası yaradılıb.
Prezident İlham Əliyevin Sərəncamı ilə Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan itkisi ilə əlaqədar 2024-cü il dekabrın 26-da Azərbaycanda matəm elan edilib.
Azərbaycan və Qazaxıstanda cinayət işləri başlanıb
Azərbaycan Baş Prokurorluğunun məlumatına görə, “Azərbaycan Hava Yolları” aviaşirkətinə (AZAL) məxsus təyyarənin Aktauda qəzaya uğraması faktı ilə bağlı Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən Cinayət Məcəlləsinin 262.3 (hava nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin tapşırığı ilə AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı Dövlət Komissiyası yaradılıb.
Eyni zamanda, təyyarənin qəzaya uğraması ilə Nəqliyyat vasitəsinin istismarı zamanı təhlükəsizlik qaydalarının pozulması, ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olması maddəsi ilə cinayət işi açılıb.
Həlak olan ekipaj üzvləri ilə vida mərasimi
29 dekabr 2024-cü ildə Heydər Əliyev Beynəlxalq Aeroportunda Bakı-Qroznı reysini yerinə yetirən “Embraer-190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan ekipaj üzvləri ilə vida mərasimi keçirilib. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva vida mərasimində iştirak ediblər.
AZAL-ın sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğraması nəticəsində həlak olmuş pilotlar İqor Kşnyakin, Aleksandr Kalyaninov və bələdçi Hökumə Əliyeva II Fəxri xiyabanda dəfn olunublar.
Ekipaj üzvləri “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb
Prezident İlham Əliyev baş vermiş qəza zamanı yüksək peşəkarlıq və şücaət göstərmiş şəxslərin təltif edilməsi haqqında” Sərəncam imzalayıb.
Sərəncama əsasən, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi Bakı–Qroznı (Rusiya Federasiyası) reysini həyata keçirərkən baş vermiş qəza zamanı xidməti vəzifələrinin yerinə yetirilməsində, sərnişinlərin həyatının xilas edilməsində yüksək peşəkarlıq, şücaət və fədakarlıq göstərdiklərinə görə Kşnyakin İqor İvanoviç (ölümündən sonra), Kalyaninov Aleksandr Georgiyeviç (ölümündən sonra) və Əliyeva Hökumə Cəlil qızı (ölümündən sonra) “Azərbaycanın Milli Qəhrəmanı” adı ilə, Əsədov Zülfiqar Sərdar oğlu və Rəhimli Aydan Vaqif qızı 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif olunublar.
Prezident İlham Əliyevin qəza ilə bağlı mövqeyi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 29-da Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Televiziyasına müsahibə verib. Prezident İlham Əliyev müsahibəsində bildirib ki, ilkin versiyalar da kifayət qədər əsaslıdır və faktlara söykənir.
“Faktlar isə ondan ibarətdir ki, Azərbaycanın mülki təyyarəsi Rusiya ərazisində, Qroznı şəhərinin yaxınlığında xaricdən zədə almış və idarəetməni demək olar ki, itirmişdir. Onu da bilirik ki, təyyarəmiz radioelektron mübarizə vasitələri tərəfindən idarəolunmaz vəziyyətə salınmışdır. Bu, təyyarəyə yetirilən birinci xətərdir. Eyni zamanda, yerdən açılan atəş nəticəsində təyyarənin quyruq hissəsi də böyük dərəcədə zədələnmişdir və dərhal, elə həmin gün bizim heyətimiz Aktau şəhərində artıq o videomaterialları təşkil edəndə ictimaiyyət də bu məsələ ilə məlumatlandırıldı. Füzelyajın dəlik-deşik olması, əlbəttə, göstərir ki, bilmirəm, ilkin olaraq kimin tərəfindən atılmış quş versiyası tamamilə gündəlikdən çıxarıldı. Ola bilər ki, təyyarə zədə alanda, zərbə alanda pilot bunu quşların təyyarə ilə toqquşması kimi qəbul edə bilərdi. Çünki yəqin ki, heç kimin ağlına gələ bilməzdi ki, bizim üçün dost olan ölkədə bizim təyyarəyə yerdən atəş açılsın. Ancaq təəssüflər olsun ki, Rusiyanın bəzi dairələri bu versiya üzərində dayanmağa üstünlük vermişdilər. Bizi təəssüfləndirən və təəccübləndirən məqamlardan biri də o idi ki, Rusiyanın rəsmi qurumları hansısa qaz balonunun partlaması ilə bağlı versiyalar irəli sürmüşdü. Yəni, bu, açıq-aydın göstərirdi ki, Rusiya tərəfi məsələni ört-basdır etmək istəyir və əlbəttə, bu, heç kimə başucalığı gətirmir. Təbiidir ki, təyyarəmiz təsadüfən vuruldu. Təbiidir ki, burada hər hansı bir qəsdən terror aktı törətmək məsələsindən söhbət gedə bilməz. Ona görə öz günahını etiraf etmək, dost ölkə sayılan Azərbaycandan vaxtında üzr istəmək və bunu ictimaiyyətə bildirmək - bütün bunlar görüləsi tədbirlər idi və addımlar idi. Əfsuslar olsun ki, birinci üç gün ərzində biz Rusiyadan cəfəng versiyalardan başqa heç nə eşitməmişik”, - dövlət başçısı qeyd edib.
Prezident İlham Əliyev bəyan edib ki, qəzanın təfərrüatları tam araşdırılacaq.
Prezident təyyarə ekipajının fəaliyyətini çox yüksək qiymətləndirib
Azərbaycanın baş verənlərlə bağlı Rusiyadan gözləntiləri və tələblərinin nədən ibarət olduğunu da açıqlayıb.
“Biz öz tələblərimizi açıq şəkildə Rusiya tərəfinə bildirmişik. Dekabrın 27-də artıq bu tələblər rəsmi qaydada onlara çatdırıldı. Bu, nədən ibarətdir? Birincisi, Rusiya tərəfi Azərbaycandan üzr istəməlidir. İkincisi, öz günahını etiraf etməlidir. Üçüncüsü, günahkarları cəzalandırmalıdır, cinayət məsuliyyətinə cəlb etməlidir və Azərbaycan dövlətinə və zərərçəkən sərnişin və ekipaj üzvlərinə təzminat ödəməlidir. Bu, bizim şərtlərimizdir”, - dövlət başçısı vurğulayıb.
Ailələrlə görüş və kompensasiya qərarı
Prezident İlham Əliyev 6 yanvar 2025-ci il tarixində təyyarə qəzasında həlak olan ekipaj heyətinin ailə üzvləri və sağ qalan təyyarə bələdçiləri ilə görüşüb.
Dövlət başçısı görüşdə bir daha Azərbaycan dövlətinin bu məsələni, bu araşdırmanı sonadək başa çatdıracağını bəyan edib.
“Azərbaycan Hava Yolları” QSC-nin Müşahidə Şurasının qərarı ilə 25.12.2024-cü il tarixində Qazaxıstan Respublikası ərazisində qəzaya uğramış “Azərbaycan Hava Yolları” Sərnişin Aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində olan və xəsarət alanların hər birinə 20.000 manat, vəfat edənlərin hər birinin ailəsinə isə 40.000 manat kompensasiya ödənilməsi müəyyən edilib.
İlkin hesabat: texniki nasazlıq və quşlarla toqquşma versiyası təsdiqlənməyib
2025-ci ilin fevral ayında Qazaxıstan Nəqliyyat Nazirliyi “Azərbaycan Hava Yolları” QSC-nin “Embraer-190” təyyarəsi ilə aviasiya qəzasının təhqiqatına dair ilkin hesabatı dərc edib. Təyyarə Qəzalarının Araşdırılması və Qarşısının Alınması Mərkəzi (CENIPA) təyyarənin qara qutusunun məlumatlarının təhlilini başa çatdırıb. Aktau yaxınlığında qəzaya uğrayan Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarənin registratorlarından uçuş məlumatları çıxarılıb. “Embraer 190”ın məlumatları qəzanı araşdıran Qazaxıstan rəsmilərinə göndərilib.
İlkin hesabatda deyilir ki, Azərbaycan və Qazaxıstanın tərəfdar olduğu 1944-cü il Çikaqo Konvensiyasının 13 saylı Əlavəsinə əsasən, hadisənin baş verdiyi dövlət kimi Qazaxıstan araşdırmaya başlayıb. Bu araşdırmanın məqsədi uçuşların və aviasiya təhlükəsizliyinin təmin edilməsi olub, təqsirli şəxslərin müəyyən edilməsi ilə bağlı deyil. Araşdırmanın nəticələri beynəlxalq aviasiya normalarına uyğun olaraq qəzanın obyektiv səbəblərini müəyyənləşdirmək və gələcəkdə oxşar hadisələrin qarşısını almaq üçün BMAT və maraqlı tərəflərə tövsiyələr verməkdir. Azərbaycan Respublikası hava gəmisinin istismarçısı, habelə mülkiyyətçisi olan ölkə statusu ilə araşdırmada iştirak edib. Azərbaycan nümayəndələri araşdırmanın bütün mərhələlərində, o cümlədən hadisə yerinə baxışın həyata keçirilməsi və faktların qeydiyyatı məqsədilə foto və video görüntülərin təmin edilməsi, hava gəmisinin qara qutularında (CVFDR avadanlıqlarında) olan məlumatların Braziliyanın Aviasiya Qəzalarının Araşdırılması və Qarşısının Alınması Mərkəzində (CENIPA) oxunması prosesində iştirak ediblər, əlavə məlumat və sübutların toplanmasını da həyata keçiriblər.
Məlumat üçün bildirilib ki, CVR (Cockpit Voice Recorder-kabina diktofonu) radio ötürmələrini və kabinadakı səsləri, məsələn, pilotların səslərini və kənar səsləri yazır, FDR (Flight Data Recorder-uçuş məlumatları qeydiyyatçısı) isə vaxt, hündürlük, uçuş sürəti, kurs və təyyarənin mövqeyi kimi uçuş əməliyyatları ilə bağlı vacib parametrləri izləməlidir. Embraer 190-100 IGW təyyarəsində hər iki funksiyanı birləşdirən iki CVFDR cihazı mövcud olub. BMAT tələblərinə əsasən, qəzanı araşdıran dövlət 30 gün ərzində ilkin faktiki məlumatları əks etdirən hesabatı BMAT və maraqlı tərəflərə təqdim etməlidir. Qazaxıstanda yaradılmış araşdırma komissiyası bu hesabatın hazırlanmasına Azərbaycan nümayəndələrini də cəlb edib.
İlkin hesabat aşağıdakı faktları təsdiq edir:
25 dekabr 2024-ci il tarixində Azərbaycan Respublikasının Bakı şəhərindən Rusiya Federasiyasının Qroznı şəhərinə J2-8243 reysi üzrə müntəzəm uçuş həyata keçirən “Azərbaycan Hava Yolları” QSC-yə məxsus və dövlət reyestrində 4K-AZ65 nömrəsi ilə qeydiyyata alınmış Embraer 190-100 IGW tipli sərnişin hava gəmisi uçuşa başladıqda və Qroznıya qədər olan uçuş hissəsində tam uçuşa yararlı vəziyyətdə olmuşdur. Hava gəmisinin, o cümlədən onun idarəetmə sisteminin uçuşa yararlılıqla əlaqədar bu məlumatlar FDR vasitəsilə öz təsdiqini tapmışdır;
Hava gəmisinin mühərriklərinin hər ikisi qəza anına qədər hər hansı texniki problem olmadan çalışmışlar. Bu məlumat (FDR vasitəsilə təsdiq olunmuşdur;
Hava gəmisi Rusiya Federasiyasının hava məkanında, o cümlədən Qroznı hava limanı üzərində uçuş əməliyyatları həyata keçirərkən GPS siqnallarının itməsi halı ilə üzləşmişdir;
Hava gəmisi hava şəraitinin əlverişli olmaması səbəbindən Qroznı üzərində ikinci enişi yerinə yetirə bilmədikdən sonra kapitan Bakıya qayıtmaq barəsində qərar vermişdir. Bu qərarın qəbul edilməsindən sonra Qroznı üzərində CVR-da 24 saniyə aralıqla iki dəfə kənar səsin gəlmə faktı qeydiyyata alınmışdır;
CVR və FDR məlumatlarının tutuşdurulması nəticəsində müəyyən edilmişdir ki, birinci kənar səsdən 4 saniyə sonra 3-cü hidravlik sistem, 6 saniyə sonra 1-ci hidravlik sistem, 21 saniyə sonra 2-ci hidravlik sistem funksionallığını itirməklə sıradan çıxmışdır.
Hava gəmisinin füzelyajında çoxsaylı dəlib keçən və kor zədələrin olması faktı aşkar olunmuş və foto, habelə video qeydiyyata alınmışdır. Həmin zədələrin hava gəmisinin füzelyajının arxa hissəsində, xüsusilə şaquli və üfiqi stabilizatorlarında çox sayda, habelə sol qanadda və sol mühərrikdə aşkar olunmuşdur;
Hava gəmisinin füzelyajında aşkar olunan zədələrin kənar obyektlərin təsiri nəticəsində formalaşması barəsində məlumat təqdim edilmişdir. İlkin hesabatda hava gəmisinin quşlarla toqquşmasına işarə edən hər hansı fakt barəsində məlumat təqdim edilməmişdir;
Hava gəmisi qalıqlarının kor zədələrində olan hava gəmisinə məxsus olmayan kənar obyektlər aşkarlanaraq götürülmüş və həmin kənar obyektlərin foto şəkilləri ilkin hesabat mətnində ictimaiyyətə təqdim edilmişdir. Gələcəkdə aşkar olunmuş kənar obyektlərin dəqiq mənsubiyyətinin müəyyənləşdirilməsi məqsədilə əlavə ekspertizaların keçirilməsi planlaşdırılmışdır;
05:13:32-də hava gəmisinin əsas idarəetmə sistemləri itirilir, 05:21:42-də əlaqələndirici dispetçer “Ковер” əməliyyatı barədə Qroznıya məlumat verir. Oksigen balonunun partlaması ilə bağlı faktı ehtiva edən hər hansı bir məlumat qeyd olunmamışdır. Burada sadalanan faktların təsdiqi ilə bağlı olan foto, habelə audio və rəqəmsal qeydiyyat vasitələrindən çıxarışlar ilkin hesabatın mətnində verilib. BMAT-ın Çikaqo Konvensiyasına əsasən ilkin hesabat hazırlandıqdan sonra qəzanın səbəbləri ilə bağlı qəza tarixindən 1 il ərzində yekun hesabat hazırlanmalıdır. Həmin yekun hesabatın hazırlanması ilə bağlı Qazaxıstan Respublikası və araşdırmada iştirak edən digər dövlətlər tərəfindən işlər başlanılıb.
9 oktyabr 2025-ci il tarixində Tacikistanın paytaxtı Düşənbədə keçirilən MDB dövlət başçılarının sammiti ərəfəsində Azərbaycan və Rusiya liderləri görüşdə iki ölkə arasında olan bir sıra məsələlər ətrafında yaranmış çətinlikləri müzakirə ediblər. Müzakirəyə çıxarılan ilk məsələ AZAL şirkətinə məxsus təyyarənin ötən ilin dekabrında baş vermiş aviasiya qəzası olub. Rusiya Prezidenti qəzanın səbəblərindən danışıb.
“Görüşümüzə daha həssas mövzu - bizim hava məkanında baş verən aviasiya faciəsi ilə başlamaq istərdim. Artıq həmin vaxt bizim aramızda birinci telefon danışığı əsnasında mən faciənin məhz Rusiya səmasında baş verdiyinə görə üzr istədim, həm də həlak olanların ailələrinə ən səmimi başsağlığı verdim. İstərdim ki, bütün bunları təkrar edim, yenidən söyləyim və qeyd edim, biz sözsüz ki, razılaşdığımız kimi, istintaqa hər cür kömək göstəririk. İstintaq başa çatmaq üzrədir”, - Putin deyib.
Qazaxıstan Baş nazirinin müavini Kanat Bozumbayev 3 dekabr 2025-ci ildə bildirib ki, Qazaxıstanın Nəqliyyat Nazirliyi tərəfindən Aktau Hava Limanı yaxınlığında AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaq son mərhələdədir, nəticələr 2025-ci ildə və ya 2026-cı ilin əvvəlində təqdim edilə bilər. Onun sözlərinə görə, istintaq iki hissəyə bölünür. Baş Prokurorluğun apardığı cinayət araşdırması var ki, Qazaxıstan tərəfi rusiyalı və azərbaycanlı həmkarları ilə əlaqə saxlayır: “İkinci hissə isə Nəqliyyat Nazirliyinin istintaqı ilə bağlıdır. Nəqliyyat Nazirliyinin istintaqı son mərhələdədir. Buna görə də, biz indi lisenziyalaşdırıcılardan və ya texnologiya sahiblərindən, hava naviqasiya cihazlarından və s. son nəticəni gözləyirik”. Baş Prokurorluğun istintaqına gəlincə, Bozumbayev qeyd edib ki, “orada da irəliləyiş var”.
Qazaxıstan Nəqliyyat Nazirliyi Qazaxıstanın iki xarici laboratoriyanın araşdırma nəticələrini gözlədiyini və onlardan sonra Aktau yaxınlığında AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı yekun hesabatın dərc ediləcəyini açıqlayıb. ICAO qaydalarına görə, hava qəzasının təhqiqatı üzrə yekun hesabat hadisənin baş verməsindən 12 ay ərzində yayımlanmalıdır.
Hazırda istintaq davam edir.
Prezident İlham Əliyev AZAL təyyarə qəzası Aktau araşdırma Rusiya hesabat Putin Bozumbayev Tokayev