Cümə axşamı, 25 Dekabr, 2025
Tarix: 25 Dec 2025 08:56
ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkov İsrailə və vasitəçi ölkələrə Trampın Qəzza Sazişinin ikinci mərhələsinin yanvar ayının əvvəlində başlayacağı barədə məlumat verib.
APA xəbər verir ki, bu barədə İsrailin Kanal 13 televiziya kanalı yüksək vəzifəli İsrail rəsmisinə istinadən məlumat verib.
Məlumata görə, İsrail Trampın Qəzzanı tərksilah etmədən İsrailə ikinci mərhələyə keçməsi üçün təzyiq göstərəcəyindən narahatdır.
9 oktyabrda ABŞ Prezidenti Donald Tramp Misirdə davam edən danışıqlar zamanı İsrail və HAMAS-ın Qəzzada atəşkəs planının birinci mərhələsini təsdiqlədiyini açıqlayıb.
Qeyd edək ki, Misirdə imzalanan saziş 10 oktyabrda İsrail hökumətinin təsdiqi ilə qüvvəyə minib.
17 noyabrda isə BMT Təhlükəsizlik Şurası ABŞ tərəfindən təqdim edilən 2803 saylı qətnaməni qəbul edərək, 2027-ci ilin sonuna qədər fəaliyyət göstərəcək beynəlxalq keçid qüvvələrinin yaradılmasını təsdiqləyib.
Qətnaməyə əsasən, keçid dövründə Qəzza qeyri-siyasi, texnokratik bir qurum tərəfindən idarə olunacaq.
Bu struktur beynəlxalq aktorları özündə birləşdirən Sülh Şurası adlanan yeni keçid orqanının nəzarəti altında fəaliyyət göstərəcək. ABŞ Prezidenti Donald Tramp şuraya sədrlik edəcək.