ARDNF-in ən çox yatırım etdiyi İT nəhəngləri: “NVIDIA” və “Apple” gəlirləri kəskin artıb - EKSKLÜZİV

Tarix: 25 Dec 2025 16:30

2025-cü ilin üçüncü rübündə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) listinqdə olan səhmlərinin dəyəri 15,9 mlrd. dollar təşkil edib.

Bu barədə “APA-Economics”in sorğusuna cavab olaraq ARDNF-dən bildirilib. Qeyd edilib ki, bu dövrdə Dövlət Neft Fondunun səhmlərinə ən çox yatırım etdiyi TOP-10 şirkətlərə yenə qlobal informasiya texnologiya şirkətləri başçılıq edib. ARDNF-nin ən çox yatırım etdiyi TOP-10 şirkətin səhm portfelində ciddi dəyişiklik müşahidə edilməyib.

Fondun “NVIDIA” səhmlərinin dəyəri 800 mln. dollara yaxınlaşıb 2023-cü ilin ilk yarısından etibarən ABŞ-ın ən iri çip istehsalçısı “NVIDIA”nın Fondun portfelində payı artmaqda davam edir. Çip nəhəngi bu ilin ikinci rübündə hətta "Apple"i qabaqlayaraq ilk pilləyə yüksəlib və liderliyini davam etdirir. Belə ki, ARDNF-in NVIDIA-ya yatırımları ilin ilk yarısındakı 663 milyon dollardan III rübdə 787 milyon dollara çatıb. Bu isə 3 ayda 124 mln. dollar və ya təxminən 19% artım deməkdir. Şirkətin Fondun səhm portfelində çəkisi isə 5,1%-dən 5%-ə enib.

“Apple” səhmlərinin dəyəri 3 ayda 130 mln. dollar artıb

Paralel olaraq Apple-in portfeldə payı 530 mln. dollar 657 mln. dollara yüksəlib. Başqa sözlə, bir rübdə artım 127 dollar və ya təxminən 24% təşkil edib. Bu göstərici ilə smarfon bazarının nəhəngi əvvəlki rübdən fərqli olaraq III rübdə “Microsoft”u yenidən qabaqlayıb. Apple-in portfeldə çəkisi 4,1% səviyyəsində qalıb.

“Microsoft Corp.” üzrə investisiyalar da artım trendini qoruyub. Fondun Microsoft-a yatırımları 28 mln. dollar artaraq 632 mln. dollara çatıb. Şirkətin portfeldə çəkisi isə 4% olaraq qalıb.

ARDNF-nin “Amazon”a yatırımlarında isə nisbi artım olub və 3-cü rübdə 362 mln. dollar səviyyəsində qərarlaşıb. Portfeldə çəkisi 2,3% olub.

“Meta” TOP-5 yerini qoruyub

Ən çox yatırım edilən ilk beşliyə 2024-cü ilin ilk rübündən etibarən “Meta platforms” da daxil olub. ARDNF-nin Mark Zukerberqin şirkətinə yatırımları ötən ilin sonundakı 217 mln. dollardan II rübdə 278 mln. dollara yüksəlmişdi. III rübdə isə nisbi azalma ilə 276 mln. dollara enib. Şirkətin səhm portfelində payı 2,1%-dən 1,7%-ə enib.

“Google” şirkətlərinə yatırımlar 400 mln. dollar yaxınlaşıb

"Broadcom Inc"yə investisiya isə 212 mln. dollardan 254 mln. dollara yüksəlib. Dövlət Neft Fondunun həmçinin, “Google”a aid iki şirkətə ayrılıqda investisiyaları ikinci rüblə müqayisədə üçüncü rübdə 177 mln. dollardan 245 mln. dollara və 152 mln. dollardan 207 mln. dollara qalxıb.

“Tesla” portfelində 100 mln. dollarlıq artım

“Tesla”ya yatırımlar yenidən artmağa başlayıb. ARDNF-in “Tesla”dakı hissələri ilin ilk yarısında 124 mln. dollardan 158 mln. dollara, III rübdə isə 222 milyon dollara kimi artıb, səhm portfelində çəkisini isə 1,2%-dən 1,4%-ə kimi yüksəlib. Başqa sözlə, yarımildə 98 mln. dollar artım olub.

İlin üçüncü rübündə "JPMorgan Chase & Co" ilk onluqda yerini qoruyub. Fondun maliyyə nəhənginə investisiyaları 140 mln. dollardan 152 mln. dollaraa, portfeldə çəkisi isə 1,1%-dən 1,2%-ə yüksəlib. .

TOP-10-dakı şirkətlərə yatırımlar 3 ayda 500 milyon dollar artıb

Qeyd edək ki, ARDNF-nin TOP-10 qlobal nəhənglərin səhmlərinə yatırımları bu ilin oktyabrın 1-nə 3,8 mlrd. dollar təşkil edib ki, bu da ilin ilk yarısına nisbətən 15% və ya 500 mln. dollar çoxdur.

Xatırladaq ki, bu portfel Dövlət Neft Fondunun “MSCI World” indeksi üzrə kotirovka olunan səhm investisiyalarıdır. Fondun “MSCI Europe ex UK” indeksini izləyən portfel və nağd vəsaitlərin həcmi isə ikinci rübdə 100 mln. dollar artaraq 1,9 milyard ABŞ dollarına yüksəlib.

Rahim Tarıverdiyev ARDNF investisiya portfeli səhm İT nəhəngləri NVIDIA Apple

Xəbər Lenti