- , 22 Dekabr, 2024
Tarix: 07.01.2024 17:04
“Azneft” İstehsalat Birliyində “Neftqaztikinti” trestinin iki əməkdaşının dənizə düşərək ölməsində ittiham olunan Samir Mirzəyevin cinayət işi ilə bağlı məhkəmə araşdırması başa çatıb.
“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.
Səbuhi Hüseynovun sədrlik etdiyi hakimlər heyəti sərbəst mühakimə edilən müttəhimin həbsinə zərurət görməyib.
Hökmə əsasən, S.Mirzəyevə 2 il sınaq müddəti seçilməklə şərti cəza verilib.
Qeyd edək ki, ötən ilin avqustun 24-də səhər saatlarında SOCAR-ın iki işçisi açıq dəniz sahəsində suya yıxılıb. Hadisə “Azneft” İB-nin “N.Nərimanov” NQÇİ-nin 3 saylı Neft Yığımı Məntəqəsində baş verib. Belə ki, obyektdə tikinti quraşdırma işləri aparılarkən “Neftqaztikinti” trestinin əməkdaşları - dəmir-beton pilitənin qırılması nəticəsində polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcısı 63 yaşlı Şirvan Ataş oğlu Ağammədov və elektrik qaynaqçısı, 39 yaşlı Şamo Mətləb oğlu Nərimanov dənizə düşərək vəfat ediblər.
Hadisə ilə bağlı “Azneft” İstehsalat Birliyində “Neftqaztikinti” trestinin tikintidə təhlükəsizliyə cavabdeh şəxsi Samir Mirzəyev cinayət məsuliyyətinə cəlb edilib. Ona qarşı Cinayət Məcəlləsinin 222.4-cü (tikinti işlərinin aparılmasının təhlükəsizlik qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham verilib.
Sail Ağasəlim