Bazar ertəsi, 29 Dekabr, 2025
Tarix: 28 Dec 2025 22:37
“ABŞ prezidenti Donald Tramp Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşdən əvvəl Vladimir Putinlə Ukrayna böhranının həllini müzakirə etmək üçün onunla telefon danışığı aparıb və tərəflər ABŞ Prezidenti ilə Zelenski arasındakı görüşdən sonra yenidən telefonla danışmaq barədə razılığa gəliblər”.
APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib.
Uşakov qeyd edib ki Putin Trampın xüsusi yaradılmış işçi qrupları çərçivəsində nizamlama üzərində işi davam etdirmək təklifi ilə razılaşıb.
"Ukrayna üzrə işçi qruplarının parametrləri yanvarın əvvəlində açıqlanacaq. ABŞ lideri müharibəyə mümkün qədər tez son qoyulmasının vacibliyini bildirib. Putin və Tramp müvəqqəti atəşkəsin Ukraynadakı münaqişəni yalnız uzadacağı barədə ümumilikdə oxşar fikirlərə sahibdirlər. Cəbhə xəttindəki vəziyyətin dəyişdiyini nəzərə alsaq, Kiyevin Donbasla bağlı gecikmədən qərar verməsi məntiqlidir", - Uşakov bildirib.
Rusiya prezidentinin köməkçisi Trampın Ukrayna münaqişəsinin onun üçün ən çətin olduğunu etiraf etdiyini bildirib.
O həmçinin vurğulayıb ki, ABŞ Prezidenti razılığa gəlmək perspektivləri ilə bağlı Rusiyanın qiymətləndirmələrini diqqətlə dinləyib.
"Rusiya prezidenti Trampla söhbətində Ankoricdə əldə edilən anlaşmaların möhkəmləndirilməsinin vacibliyini vurğulayıb", - Uşakov vurğulayıb.
Dövlət rəsmisi həmçinin Putinlə Tramp arasında baş tutmuş telefon danışığının 1 saat 15 dəqiqə davam etdiyini, dostcasına, səmimi və işgüzar keçdiyini bildirib.
Fərid Əkbərov