İcbari həyat sığortası üzrə 45 mln. manatlıq portfel DSMF-yə ötürülür

Tarix: 29 Dec 2025 17:37

İcbari həyat sığortası üzrə dövlət sektoruna aid təxminən 40–45 milyon manatlıq sığorta portfeli Dövlət Sosial Müdafiə Fonduna (DSMF) ötürüləcək.

“APA-Economics”in əldə etdiyi məlumata görə, 2026-cı il yanvarın 1-dən etibarən dövlət qurumlarında çalışan işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortası DSMF tərəfindən həyata keçiriləcək. Başqa sözlə, yenilik yeni bağlanacaq müqavilələrə şamil ediləcək.

Qeyd edək ki, indiyədək bu sığorta növü həyat sığorta şirkətləri tərəfindən icra olunurdu. Dəyişiklikdən sonra həyat sığorta şirkətləri yalnız özəl sektorda çalışan işçilər üzrə bu sığorta növünü həyata keçirə biləcəklər.

Məlumata görə, Azərbaycanda istehsalatda bədbəxt hadisələrlə bağlı icbari həyat sığortası üzrə illik sığorta yığımlarının həcmi təxminən 90 milyon manat təşkil edir. Bunun 40–45 milyon manatı dövlət sektorunda çalışan işçilərə aiddir və hazırda iki həyat sığorta şirkətinin portfelində cəmləşib.

“İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanuna edilən dəyişiklikdən sonra bu portfelin DSMF-yə ötürülməsi nəzərdə tutulur.

Rahim Tarıverdiyev icbari həyat sığortası sığorta DSMF qanun

Xəbər Lenti