Bazar ertəsi, 29 Dekabr, 2025
Tarix: 29 Dec 2025 17:03
Mərkəzi Bank tərəfindən Bakı Slavyan Universitetinin (BSU) Jurnalistika fakültəsinin tələbələri üçün təşkil olunan “İqtisadi jurnalistikanın inkişafına dəstək proqramı” başa çatıb.
"APA-Economics" xəbər verir ki, dekabrın 26-da Mərkəzi Bankda proqramın bağlanış mərasimi keçirilib. Tədbirdə proqramın məzunu olan tələbələr, BSU və media rəhbərləri, həmçinin Mərkəzi Bankın məsul əməkdaşları iştirak ediblər.
Tədbirdə çıxış edən Mərkəzi Bankın sədr müavini Əli Əhmədov kommunikasiyanın müasir dövrdə artan əhəmiyyətinə diqqət çəkərək maliyyə və iqtisadi proseslər barədə ictimaiyyətin düzgün məlumatlandırılmasının institusional etimadın möhkəmləndirilməsində mühüm rol oynadığını vurğulayıb. O, Mərkəzi Bank tərəfindən şəffaflığın artırılması və açıq kommunikasiya mühitinin formalaşdırılması istiqamətində həyata keçirilən təşəbbüslər barədə məlumat verib.
Mərkəzi Bankın Beynəlxalq əməkdaşlıq və kommunikasiya departamentinin direktoru Tural İsmayılov proqramın gələcək jurnalistlərin iqtisadi prosesləri peşəkar, obyektiv və düzgün şəkildə işıqlandırmalarına töhfə verəcəyini bildirib. O, bu təşəbbüsün maliyyə savadlılığının və maliyyə inklüzivliyinin artırılmasına xidmət etdiyini qeyd edərək Mərkəzi Bankın akademik mühitlə əməkdaşlığa xüsusi önəm verdiyini vurğulayıb.
BSU-nun Jurnalistika fakültəsinin müdiri, Milli Məclisin deputatı Vüqar Rəhimzadə və Sosial elmlər və regionşünaslıq fakültəsinin dekanı Əsgər Əhməd proqramın tələbələrin peşəkar inkişafı baxımından əhəmiyyətini qeyd edərək bu təşəbbüsə görə Mərkəzi Bankın rəhbərliyinə təşəkkürlərini bildiriblər.
Tədbirdə qonaq spiker qismində çıxış edən “APA Media Qrup”un rəhbəri Vüsalə Mahirqızı və “Report” İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev iqtisadi jurnalistikanın cəmiyyət üçün strateji əhəmiyyətindən bəhs edərək tələbələri bu sahədə ixtisaslaşmağa və iqtisadi mövzulara məsuliyyətli yanaşmağa çağırıblar.
Proqramın məzunu olan gənc jurnalistlər də öz növbələrində təlimlərlə bağlı təəssüratlarını və yaddaqalan məqamları bölüşüblər.
Bağlanış mərasimində proqramı uğurla başa vurmuş 27 tələbəyə sertifikatlar təqdim olunub və xatirə fotosu çəkilib.
Qeyd edək ki, cari ilin oktyabr–dekabr ayları ərzində Mərkəzi Bankın əməkdaşları tərəfindən keçirilən təlim sessiyaları çərçivəsində mərkəzi bankçılıq və maliyyə gündəminin əsas mövzuları tələbələrə sadə və anlaşılan formada təqdim olunub. 8 əsas istiqaməti əhatə edən sessiyalar zamanı gənc jurnalistlərə iqtisadi xəbərlərin hazırlanması ilə bağlı praktiki tövsiyələr verilib.
APA-Economics Cbar Mərkəzi Bank




