Bazar ertəsi, 29 Dekabr, 2025
Tarix: 29 Dec 2025 21:35
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi istiqamətində zəruri tədbirlərin görülməsini davam etdirir.
APA-nın şimal bürosu xəbər verir ki, Xaçmaz şəhərində qeyri-yaşayış obyektlərində propan qaz balonlarından istifadə ilə əlaqədar növbəti monitorinq keçiriliblər.
Monitorinq zamanı bəzi qeyri-yaşayış obyektlərində yanğın təhlükəsizliyi qaydalarının tələblərinə zidd olaraq insan həyatı və sağlamlığı üçün birbaşa təhlükə mənbəyi olan propan qaz balonlarından istifadə halları aşkar edilib. Həyata keçirilən tədbirlər sayəsində təhlükə mənbəyi olan propan qaz balonları obyektlərin nümayəndələri tərəfindən kənarlaşdırılıb.
Fövqəladə Hallar Nazirliyi bir daha vətəndaşlara, o cümlədən fiziki və hüquqi şəxslərə müraciət edərək, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunmasına çağırır.
Qeyd edək ki, bazar və yarmarkaların ərazisində, binaların zirzəmi, kürsü, birinci və ikinci mərtəbələrində, o cümlədən həyətyanı sahələrdə propan qaz balonlarının saxlanılması və istifadəsi qadağandır.
Cəfər Talıb

