Goranboyda 3 nəfər balıqdan zəhərlənib, araşdırma aparılır - YENİLƏNİB-1

Tarix: 30 Dec 2025 13:07

Goranboy rayonu, Nizami kəndində baş verən hadisə nəzarətdə saxlanılır.

Bu barədə APA-ya Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Bildirilib ki, AQTA tərəfindən aidiyyəti qurumlarla birgə araşdırmalar aparılır: "Zərərçəkənlər ilkin izahatlarında bildiriblər ki, Gəncə şəhərində fəaliyyət göstərən "Eldarado" mağazasından konservləşdirilmiş balıq alıblar. Ötən gün günorta saatlarında kartof puresi ilə qəbul ediblər. Bir-neçə saat sonra özlərini narahat hiss ediblər. Gəncə şəhəri A.Səhhət adına xəstəxanaya müraciət edən şəxslərə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar. Zərərçəkənlərin qəbul etdiyi qidalardan nümunələr götürülərək müayinə üçün laboratoriyaya təqdim edilib. Sınaq nəticələrinə əsasən hadisənin başvermə səbəbləri müəyyən ediləcək".

***

10.22

Dekabrın 29-da saat 18:20 radələrində 3 nəfər (qadın) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub.

Gəncə Şəhər Birləşmiş Xəstəxanasından APA-nın qərb bürosuna verilən məlumata görə, dəqiqləşdirilməmiş bakterial qida zəhərlənməsi diaqnozu təyin edilən pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.

***

29 dekabr, 19.09

Goranboyda 3 nəfər qidadan zəhərlənib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki rayon sakinləri 1965-ci il təvəllüdlü Ş.Əhmədova, 1990-cı il təvəllüdlü M.Əhmədova və 2011-ci il təvəllüdlü N.Əhmədova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yeləşdirilib. Dərhal onlara yardım edilib, vəziyyətlərinin orta ağır olduğu bildirilir. Məlumata görə, zəhərlənən şəxslər bir ailənin üzvləridir. Onlar yaşadıqları evdə balıq yedikdən sonra özlərini pis hiss etdiklərini bildiriblər. Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

Fuad Nazimoğlu balıq zəhərlənmə

Xəbər Lenti