Həbsxanalara əvvəlcədən xəbərdarlıq etmədən buraxılan şəxslərin əhatə dairəsi genişləndirilib

Tarix: 31 Dec 2025 13:13

Cəzaçəkmə müəssisələrinə maneəsiz və əvvəlcədən xəbərdarlıq etmədən xidməti vəsiqələrini təqdim etməklə buraxılan şəxslərin əhatə dairəsi genişləndirilib.

APA-nın xəbərinə görə, Ədliyyə Nazirliyi Kollegiyası bununla bağlı “Müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəzaları icra edən müəssisələrə daxilolma Qaydası”nda dəyişiklik edib.

İndiyə qədər Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman), Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri, Azərbaycan Respublikasının Ədliyyə Naziri, Ədliyyə Nazirinin müavinləri (Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan MR-ın Ədliyyə Naziri və onun müavini), PX-nin rəis müavinləri, qərargah rəisi, Tibb baş idarəsinin rəisi və müavinləri, əməliyyat, rejim və nəzarət şöbələrinin rəisləri, habelə Ədliyyə Nazirliyi üzrə 29 iyun 2001-ci il tarixli 19-T nömrəli əmrin 1-ci bəndində göstərilən şəxslər maneəsiz və əvvəlcədən xəbərdarlıq etmədən xidməti vəsiqələrini təqdim etməklə cəzaçəkmə müəssisələrinə buraxılıb.

Dəyişikliyə əsasən, Azərbaycan Respublikasının ədliyyə naziri, ədliyyə nazirinin müavinləri (Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan MR-ın ədliyyə naziri və onun müavini), Ədliyyə Nazirliyinin Strateji planlaşdırma və monitorinq baş idarəsinin rəhbər heyəti və işçiləri, Cəzaların icrasına nəzarət baş idarəsinin rəhbər heyəti və işçiləri, Tibb baş idarəsinin rəhbər heyəti və işçiləri, Penitensiar xidmətin rəis müavinləri, Xidmətin Strateji planlaşdırma və monitorinq idarəsinin rəisi, Əməliyyat-rejim idarəsinin rəisi və bu idarənin şöbə rəisləri maneəsiz və əvvəlcədən xəbərdarlıq etmədən xidməti vəsiqələrini təqdim etməklə cəzaçəkmə müəssisələrinə buraxılacaq. O cümlədən İnsan hüquqları üzrə müvəkkil (ombudsman) və Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri istənilən vaxt, maneəsiz və əvvəlcədən xəbərdarlıq etmədən xidməti vəsiqələrini təqdim etməklə cəzaçəkmə müəssisələrinə buraxılacaq.

Həbsxanalar

Xəbər Lenti