Şimali Karolinada Yeni il ərəfəsində planlaşdırılan terror aktının qarşısı alınıb - YENİLƏNİB

Tarix: 02 Jan 2026 22:27

ABŞ Federal Təhqiqat Bürosu İŞİD terror qruplaşmasına dəstək məqsədilə Yeni il ərəfəsində, dekabrın 31-də Şimali Karolina ştatında iri supermarketlərdən birinə və "fast-food" restoranına hücum planlaşdıran şəxsin zərərsizləşdirildiyini açıqlayıb. APA-nın ABŞ bürosunun məlumatına görə, bu barədə Şimali Karolinanın Qərb Rayonu üzrə prokuroru Russ Ferqyuson məlumat yayıb. Məlumata görə, Şarlott yaxınlığında yerləşən Mint Hill şəhərinin 18 yaşlı sakini Kristian Sturdivant xarici terror təşkilatına maddi dəstək göstərməyə cəhd ittihamı ilə həbs edilib.

ABŞ Federal Təhqiqat Bürosunun direktoru Keş Patel isə bildirib ki, FTB və tərəfdaş qurumlar bayram günlərində Amerika vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün fasiləsiz işləyib. Onun sözlərinə görə, təhlükə qısa müddətdə müəyyən edilib və qətiyyətlə tədbirlər görülüb, nəticədə insanların həyatı xilas olunub.

Prokurorun sözlərinə görə, hüquq-mühafizə orqanları Sturdivantın yataq otağında aparılan axtarış zamanı çarpayının altında gizlədilmiş mavi çəkic, taxta saplı çəkic və iki qəssab bıçağı aşkar edərək müsadirə edib. Bundan əlavə, 29 dekabr 2025-ci il tarixində Mint Hill şəhərindəki evdə aparılan axtarış zamanı “Yeni il hücumu 2026” başlıqlı qeyd tapılıb.

Hazırda Federal Təhqiqat Bürosu və Şimali Karolinanın Qərb Rayonu üzrə Prokurorluq tərəfindən istintaq davam etdirilir. *** 20:47 ABŞ Federal Təhqiqat Bürosunun əməkdaşları hüquq-mühafizə orqanlarındakı tərəfdaşları ilə birgə Şimali Karolina ştatında Yeni il ərəfəsində planlaşdırılan potensial terror aktının qarşısını alıblar. APA xəbər verir ki, bu barədə FTB-nin Şarlot şəhərindəki bölməsi məlumat yayıb.

İstintaq materiallarına əsasən, şübhəli şəxs İŞİD ideologiyasının birbaşa təsiri altında hərəkət edib. FTB qeyd edib ki, “subyekt İŞİD tərəfindən birbaşa ilhamlandırılıb”.

Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

Xəbər Lenti