Şənbə, 3 Yanvar, 2026
Tarix: 03 Jan 2026 00:25
Almaniyanın Gelsenkirxen şəhərində "Sparkasse" bankının anbarından naməlum şəxslər tərəfindən oğurlanan qiymətli əşyaların ümumi dəyəri 100 milyon avrodan çox qiymətləndirilir. APA xəbər verir ki, bu barədə Bild qəzeti öz mənbələrinə istinadla məlumat yayıb.
Əvvəlcə oğurluğun həcminin təxminən 30 milyon avro olduğu deyilirdi. Qeyd olunur ki, Sparkasse bankının filialı Milad bayramları ilə əlaqədar bağlı olub. İlkin məlumata görə, cinayətkarlar binaya yaxınlıqdakı avtomobil dayanacağından daxil olaraq divarda iri deşik açıb.
Bankın daxilində onlar təxminən 3,2 min seyf qutusunu sındıraraq içərisindəki əşyaları, o cümlədən qızıl məmulatlarını götürüb hadisə yerindən qaçıblar. Oğurluq yalnız dekabrın 29-u səhər tezdən aşkar edilib.
Bildirilir ki, bu hadisə Almaniya tarixində ən iri bank soyğunlarından biri hesab oluna bilər. Hadisə nəticəsində 2,5 mindən çox əmanətçi zərər çəkib.