ABŞ-da ICE zabitinin üstünə avtomobil sürən qadın öldürülüb

Tarix: 08 Jan 2026 06:39

ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi İdarəsinin (ICE) zabiti Minnesota ştatında bir qadının öz avtomobilini, onun xidməti avtomobilinə çırpmağa cəhd etdiyini iddia etdikdən sonra ona atəş açıb. Nəticədə qadın hadisə yerində keçinib.

APA-nın ABŞ Bürosu xəbər verir ki, ICE rəsmi açıqlamasında qadının davranışını "daxili terrorizm", patrulun cavab tədbirini isə özünümüdafiə adlandırıb.

Yerli mətbuatın məlumatına görə, hadisə ICE-nin immiqrasiya nəzarəti tədbirlərinə qarşı etiraz aksiyası zamanı baş verib.

ABŞ-ın daxili təhlükəsizlik naziri Kristi Noem keçirdiyi mətbuat konfransında hüquq-mühafizə orqanlarının əməkdaşlarını öldürmək niyyəti ilə onların üzərinə avtomobil sürmək cəhdlərinin daxili terrorizm aktı olduğunu deyib.

"ICE zabiti, öz həyatı, hüquq-mühafizə orqanlarının əməkdaşlarının həyatı və ictimaiyyətin təhlükəsizliyi üçün qorxaraq özünümüdafiə məqsədilə atəş açıb", - Noem bildirib.

O həmçinin qeyd edib ki, vətəndaşlar öz avtomobillərindən silah kimi istifadə etməməlidirlər.

ABŞ mediasının məlumatına əsasən öldürülən qadın ABŞ vətəndaşı və yerli sakin olan 37 yaşlı şairə Rene Quddur.

Xəbər Lenti