Livan ordusu ölkənin cənubunda hərbi texnikaya nəzarəti ələ alıb

Tarix: 08 Jan 2026 11:36

Livan ordusu ölkənin cənubunda silahlara nəzarəti tamamilə ələ keçirdiyini elan edib.

APA “Reuters”ə istinadən xəbər verir ki, ordudan nəzarətin bərpasına baxmayaraq, partlamamış silah-sursat və tunellərın təmizlənməsi üçün görüləsi işlərin hələ də çox olduğu bildirilib.

Ordudan o da bildirilib ki, İsrailin nəzarəti altında olan bölgələrdən başqa Livanın cənubunda silahlara nəzarət tam bərqərar edilib.

Məlumatda Hizbullahın adı çəkilməsə də, Livanın cənubunda bu qruplaşmaya məxsus hərbi texnikanın mövcudluğu sirr deyil.

Qeyd edək ki, Livan ordusu ölkənin cənubunda, İsraillə sərhəddə mövcud olan və ordunun nəzarətində olmayan hərbi texnikanı oradan çıxarmaqla bağlı ötən ilin sonuna qədər işlərin tamamlanacağını elan edib.

Livan təhlükəsizlik mənbələri “Reuters”ə verdikləri məlumatda bundan sonra heç bir təşkilatın və ya qruplaşmanın Livanın cənub ərazisindən hücumlar həyata keçirə bilməyəcəyini qeyd ediblər.

Xatırladaq ki, ABŞ və İsrail Livan hökumətindən Hizbullahın tərksilah edilməsini tələb etsə də, hökumət hələ də bu işin öhdəsindən gələ bilməyib.

Toğrul Quluzadə Livan Hizbullah hərbi texnika silah

Xəbər Lenti