Kolumbiya Prezidenti Trampa zəng etdiyini təsdiqləyib

Tarix: 08 Jan 2026 10:57

ABŞ Prezidenti Donald Tramp və Kolumbiya Prezidenti Qustavo Petro arasında telefon danışığı olub.

APA “Reuters”ə istinadən xəbər verir ki, Tramp telefon danışığından sonra Petronun ABŞ-a səfəri ilə bağlı hazırlıqların görüldüyünü bildirib.

“Kolumbiya Prezidenti Qustavo Petro ilə danışmaq böyük şərəf idi. O, mənə narkotik və digər ixtilaflı məsələləri izah etmək üçün zəng vurmuşdu. Mən onun zəngini və seçdiyi tonu yüksək qiymətləndirirəm və yaxın gələcəkdə onunla görüşəcəyimə ümid edirəm”, - Tramp qeyd edib.

Qustavo Petro jurnalistlərə açıqlamasında telefon danışığının baş tutduğunu təsdiqləyib və Trampdan iki ölkə arasında dialoqun bərpasını xahiş etdiyini deyib.

Petronun ofisindəki mənbələr telefon danışığının mehriban şəkildə keçdiyini bildirib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Kolumbiyada hərbi əməliyyatın keçirilə biləcəyini istisna etməyib. Kolumbiya Prezidenti ABŞ-a cavab verib. Petro qeyd edib ki, onu tutsalar, ABŞ xalqın qəzəbi ilə üzləşəcək.

Toğrul Quluzadə ABŞ Kolumbiya Tramp Petro

Xəbər Lenti