Şənbə, 10 Yanvar, 2026
Tarix: 09 Jan 2026 16:08
QHT-lərə Dövlət Dəstəyi Agentliyi AMEA-nın tərəfdaşlığı ilə “Azərbaycan dilinin təmizliyi: milli əmanətin qorunması uğrunda səfərbərlik” mövzusunda QHT-lərin və alimlərin iştirakı ilə ictimai müzakirə təşkil edib.
APA xəbər verir ki, tədbirdə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, QHT Agentliyinin Müşahidə Şurasının sədri, professor Fuad Məmmədov, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin İdarə Heyətinin sədr müavini Elnur Bağırlı və digər şəxslər iştirak edib.
AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, Azərbaycan dili zəngin olsa da, yad kəlmələrə meyil edənlər çoxdur.
O vurğulayıb ki, Azərbaycan dilində ifadə edilə biləcək kəlmələrin yad sözlərlə əvəzlənməsi qəbuledilməzdir.
QHT Agentliyinin Müşahidə Şurasının sədri, professor Fuad Məmmədov bildirib ki, Azərbaycan dili adi ünsiyyət vasitəsi deyil, həm də milli əmanətdir: "Məhz buna görə də Azərbaycan dilinin təmizliyi məsələsi yalnız filoloqların yox, bütün cəmiyyətin məsuliyyətidir. Bu gün qloballaşma, rəqəmsal media, sosial şəbəkələr, reklamlar və gündəlik danışıqda artan yad təsirlər Azərbaycan dilinin saflığı üçün ciddi çağırışlar yaradıb. Təəssüf ki, bəzən öz dilimizdə düzgün ifadə tapa bilmədikdə, yad sözləri dilə gətiririk. Bu isə tədricən dilin daxili sistemini aşındırır. Yüksək mədəniyyətli insana xas ən mühüm cəhətlərdən biri məhz doğma dilin layiqli şəkildə yaşadılması, onun inkişafı üçün əzmlə, fədakarlıqla çalışmaqdır”.
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin İdarə Heyətinin sədr müavini Elnur Bağırlı bildirib ki, Prezident İlham Əliyevin imzaladığı müvafiq Fərmana əsasən, Agentlik aidiyyəti dövlət qurumları ilə birgə QHT-lərin maliyyələşdirilməsi üzrə mövzu və istiqamətlərin müəyyənləşdirilməsində iştirak edəcək. Onun sözlərinə görə, 2026-cı ildə keçiriləcək qrant müsabiqələrində Azərbaycan dilinin təmizliyinin qorunması əsas mövzulardan biri olacaq.
Maarifçi Media Mərkəzinin sədri, telejurnalist Səadət Məmmədova Azərbaycan dilinin saflığının və nüfuzunun qorunmasında vətəndaş cəmiyyətinin rolunun artırılmasının vacibliyini vurğulayıb.
“Körpü” Türkman İrsi Mərkəzinin sədri Orxan İsayev Azərbaycan dilinin 50 milyondan çox insanın ana dili olduğunu qeyd edərək, onun qorunmasını milli məsələ kimi dəyərləndirib.
Mirzə Ələkbər Sabir Fondunun sədri Sevda Tahirli Azərbaycan dilinə münasibətin gündəlik danışıqda, mediada və QHT sektorunda da özünü göstərməli olduğunu bildirib, bəzi QHT adlarında dil normalarının pozulduğunu diqqətə çatdırıb.
Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təmsilçisi Pərvinə Qədimova xaricdə yaşayan azərbaycanlılar üçün ana dili kurslarına ehtiyacın yüksək olduğunu qeyd edib. “Obyektiv Milli Dəyərlərin Təbliğinə Dəstək” İctimai Birliyinin sədri Mübariz Əsgərov media məkanında Azərbaycan dilinin düzgün istifadəsinin vacibliyini vurğulayıb. AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədli və digər alimlər Azərbaycan dilinin inkişaf istiqamətləri barədə məlumat veriblər.
Tədbir ictimai müzakirələr ilə davam edib.
Gülcahan Məmmədova AMEA QHT İsa Həbibbəyli


