TRİPP-in çərçivə sənədi regional sabitlik və uzunmüddətli inteqrasiyanın yol xəritəsi kimi – TƏHLİL

Tarix: 15 Jan 2026 18:47

TRİPP-in çərçivə sənədinin açıqlanması beynəlxalq münasibətlər sistemində dərinləşən geosiyasi rəqabət və yeni regional düzən axtarışları fonunda Cənubi Qafqazın artan strateji əhəmiyyətinin təzahürüdür. Qlobal güc mərkəzləri regiona artıq yalnız təhlükəsizlik riskləri prizmasından deyil, siyasi sabitlik, nəqliyyat dəhlizləri və iqtisadi inteqrasiya imkanları baxımından yanaşırlar. Bu kontekstdə ABŞ-ın fəal və istiqamətləndirici rolu regional proseslərin beynəlxalq siyasi gündəmlə uzlaşdırılmasına xidmət edir.

TRİPP-in çərçivə sənədi, eyni zamanda, 8 avqust Vaşinqton görüşündən sonra formalaşan müsbət dinamikanın siyasi və institusional davamı kimi çıxış edir. Həmin görüş tərəflər arasında etimad mühitinin möhkəmləndiyini və status-kvonun saxlanılmasına deyil, regionda transformativ dəyişikliklərə yönəlmiş yanaşmanın gücləndiyini nümayiş etdirmişdi. TRİPP bu siyasi iradəni konkret mexanizmlər və icra yönümlü çərçivə ilə təsbit edərək prosesi praktik mərhələyə keçirir. Sənəd kommunikasiyaların açılması, regional inteqrasiyanın dərinləşdirilməsi və uzunmüddətli sabitliyin təmin olunması baxımından Vaşinqton formatının real və ölçülə bilən nəticələr verdiyini göstərir.

TRİPP Vaşinqton görüşündən sonra sülh prosesinin icra mərhələsinə keçdiyini göstərir

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri Vasif Hüseynov APA-ya açıqlamasında bildirib ki, TRİPP sənədinin açıqlanması 8 avqust tarixində Vaşinqtonda keçirilmiş görüşdən sonra formalaşan müsbət siyasi dinamikanın məntiqi və ardıcıl davamıdır.

Onun sözlərinə görə, burada bir neçə mühüm məqamı xüsusilə vurğulamaq lazımdır: “İlk növbədə qeyd edilməlidir ki, İkinci Qarabağ müharibəsindən sonrakı dövrdə Ermənistan–Azərbaycan münasibətlərinin normallaşdırılması istiqamətində müxtəlif təşəbbüslər irəli sürülüb. Bu təşəbbüslər həm Rusiya Federasiyasının, həm də Avropa İttifaqının vasitəçiliyi ilə həyata keçirilən müxtəlif formatlar çərçivəsində müzakirə olunub. Lakin Vaşinqton görüşünün əsas fərqləndirici cəhəti ondan ibarətdir ki, bu görüşdən sonra əldə olunmuş razılaşmaların dərhal icra mərhələsinə keçdiyinin şahidi oluruq. Məhz bu amil Ermənistan–Azərbaycan sülh prosesinin sürətlə yeni mərhələyə qədəm qoymasına real zəmin yaradır. Bu mərhələnin sonunda isə artıq Ermənistanda konstitusiya dəyişikliyinin baş verməsi, ardınca sülh müqaviləsinin imzalanması, iki dövlət arasında münasibətlərin normallaşması və diplomatik əlaqələrin qurulması real perspektiv kimi görünür”.

TRİPP sənədi Zəngəzur dəhlizi üzrə Azərbaycanın mövqeyinin tam nəzərə alındığını təsdiqləyir

Vasif Hüseynov vurğulayıb ki, Ermənistanın xarici işlər nazirinin Vaşinqtona son səfəri zamanı imzalanmış TRİPP sənədi göstərir ki, Ermənistan–Azərbaycan münasibətləri ABŞ-ın vasitəçiliyi ilə müsbət məcrada inkişaf edir və gündəlikdə olan problemlərin ardıcıl və sistemli şəkildə həlli istiqamətində irəliləyir.

TRİPP sənədi ilə bağlı diqqət çəkən digər mühüm məqam ondan ibarətdir ki, sənəddə Azərbaycan tərəfinin Zəngəzur dəhlizi ilə bağlı gözləntiləri və prinsipləri də öz əksini tapıb. Yeni terminologiyada TRİPP koridoru kimi təqdim edilən bu istiqamət regionda nəqliyyat–kommunikasiya xətlərinin açılması və iqtisadi inteqrasiyanın dərinləşməsi baxımından strateji əhəmiyyət daşıyır. TRİPP sənədinin başlanğıc hissəsində qeyd olunur ki, Zəngəzur dəhlizində – yeni terminologiyada TRİPP dəhlizində – hərəkət maneəsiz olacaq. Bu müddəa, şübhəsiz ki, Azərbaycan tərəfinin gözləntilərinə tam uyğundur. Məhz bu məqam onu göstərir ki, TRİPP sənədi hazırlanarkən Azərbaycan tərəfinin mövqeyi nəzərə alınıb və sənəd Azərbaycanın maraqları əsasında formalaşdırılaraq imzalanıb. Bu baxımdan sənədin məzmunu ilə bağlı heç bir şübhə yeri qalmır”, - o vurğulayıb.

TRİPP Trampın adı ilə ABŞ-ın tam siyasi və icra öhdəliyini nümayiş etdirir

TRİPP sənədinin Donald Trampın adını daşıması onun sıradan diplomatik təşəbbüs deyil, ABŞ-ın birbaşa siyasi himayəsi altında formalaşmış strateji layihə olduğunu açıq şəkildə nümayiş etdirir. ABŞ Prezidentinin adının bu sənədlə assosiasiya olunması Vaşinqtonun prosesə yalnız vasitəçi kimi deyil, həm də siyasi məsuliyyət daşıyan və nəticəyə fokuslanan aktor qismində yanaşdığını göstərir. Bu, layihənin legitimliyini və beynəlxalq siyasi çəkisini əhəmiyyətli dərəcədə artırır. Eyni zamanda, sənəd ABŞ-ın təşəbbüsün icrası və tam implementasiyası istiqamətində öhdəliyini açıq şəkildə ortaya qoyur. Tramp administrasiyası bu mərhələdə prosesi deklarativ bəyanatlarla məhdudlaşdırmır, əksinə, konkret mexanizmlər, vaxt çərçivələri və siyasi dəstək alətləri vasitəsilə layihənin reallaşdırılmasına hazır olduğunu nümayiş etdirir. Bu yanaşma TRİPP-i əvvəlki təşəbbüslərdən fərqləndirərək onu praktik nəticələrə hesablanmış, geri dönüşü çətin olan siyasi prosesə çevirir və ABŞ-ın Cənubi Qafqazda uzunmüddətli sabitlik və regional inteqrasiya qurmaq niyyətini təsdiqləyir.

Vasif Hüseynov bildirib ki, sənədin Donald Trampın adını daşıması ABŞ-ın bu prosesə tam siyasi dəstək verdiyini və icra mərhələsinə keçməyə hazır olduğunu açıq şəkildə nümayiş etdirir.

Onun sözlərinə görə, ABŞ Prezidentinin adının Cənubi Qafqaz üçün bu qədər mühüm geosiyasi və iqtisadi əhəmiyyət daşıyan bir layihə ilə assosiasiya olunması xüsusi siyasi çəkiyə malikdir: “Bu amil ABŞ rəhbərliyinin layihənin icrasında və onun tam şəkildə həyata keçirilməsində qarşıya qoyulmuş məqsəd və hədəflərin reallaşmasında maraqlı olduğunu göstərir. Bu da ABŞ-ın prosesə yalnız diplomatik deyil, eyni zamanda, praktik və siyasi baxımdan tam dəstək verdiyini təsdiqləyir. Artıq sentyabr ayından etibarən ABŞ nümayəndələrinin ardıcıl şəkildə həm Azərbaycana, həm də Ermənistana səfərlər edərək TRİPP layihəsinin icrası ilə bağlı proseslərə yaxından maraq göstərdiyi müşahidə olunurdu. Eyni zamanda, ABŞ tərəfi sentyabr ayında bu layihənin həyata keçirilməsi üçün maliyyə vəsaiti ayırdığını da rəsmi şəkildə bəyan edib ki, bu da Vaşinqtonun niyyətinin konkret və nəticəyönlü olduğunu göstərir”.

TRİPP Zəngəzur dəhlizinin praktiki icra mərhələsinə keçdiyini göstərir

TRİPP sənədi Zəngəzur dəhlizinin reallaşması istiqamətində atılan növbəti və strateji addım kimi dəyərləndirilə bilər. Uzun müddət siyasi müzakirə mövzusu olan bu layihə artıq konseptual mərhələdən çıxaraq praktiki icra müstəvisinə keçir. Cənubi Qafqazda yeni nəqliyyat və kommunikasiya xəttinin formalaşması təkcə regional deyil, həm də beynəlxalq logistik arxitekturanın yenidən qurulması baxımından mühüm əhəmiyyət daşıyır.

Cənab Prezidentin televiziya kanallarına verdiyi son müsahibədə vurğuladığı kimi, Zəngəzur dəhlizi artıq siyasi iradə səviyyəsində qəbul olunmuş və geri dönməz prosesə çevrilmiş layihədir. TRİPP sənədi bu siyasi mövqeyi konkret mexanizmlər və beynəlxalq dəstək elementləri ilə möhkəmləndirir. Sənəd göstərir ki, məsələ niyyət bəyanatları ilə məhdudlaşmır, əksinə, regional kommunikasiyaların açılması və iqtisadi inteqrasiyanın dərinləşdirilməsi üçün real addımlar atılır. Bu baxımdan Zəngəzur dəhlizi geosiyasi balansın dəyişdiyi yeni mərhələnin əsas sütunlarından biri kimi formalaşır və onun reallaşması artıq zaman məsələsinə çevrilir.

Ekspert əlavə edib ki, Prezident İlham Əliyevin son müsahibəsində vurğuladığı kimi, Zəngəzur dəhlizinin reallaşması fonunda TRİPP sənədi bu prosesin mühüm və praktik mərhələsi kimi qiymətləndirilməlidir.

Onun sözlərinə görə, ABŞ-ın TRİPP layihəsinin implementasiyası ilə bağlı açıq və birbaşa öhdəlik götürməsi regionda sabitlik və təhlükəsizlik baxımından yeni imkanlar yaradır: “Faktiki olaraq ilk dəfədir ki, ABŞ Cənubi Qafqazda bu səviyyədə institusional və praktik mövcudluq əldə edir. Əvvəlki iri regional layihələrdə, xüsusilə Bakı–Tbilisi–Ceyhan neft kəməri çərçivəsində ABŞ-ın güclü siyasi dəstəyi mövcud olub və bu dəstəyin həlledici rolu həm Ulu Öndər Heydər Əliyev, həm də Prezident İlham Əliyev tərəfindən dəfələrlə vurğulanıb. TRİPP layihəsi ABŞ-ın Cənubi Qafqazdakı mövqeyini daha yüksək və keyfiyyətcə fərqli mərhələyə qaldırır. Bu layihə çərçivəsində ABŞ şirkətlərinin prosesdə iştirakı, onların nümayəndələrinin bölgədə fiziki mövcudluğu və nəqliyyat axınlarının idarə olunmasında birbaşa rol alması nəzərdə tutulur. Bu isə Cənubi Qafqazda əməkdaşlıq imkanlarının genişlənməsi, regionda uzunmüddətli sabitliyin möhkəmlənməsi və Ermənistanda revanşist qüvvələrin gələcəkdə yenidən fəallaşmasının qarşısının alınması baxımından mühüm əhəmiyyət daşıyır. Onun fikrincə, ABŞ kimi qlobal gücün bölgədə aktiv iştirak etdiyi bir şəraitdə Ermənistan daxilində sülh və sabitliyə təhdid yarada biləcək revanşist ssenarilərin reallaşması faktiki olaraq mümkün deyil”.

TRİPP konseptual mərhələdən real icraya keçidin siyasi çərçivəsini formalaşdırır

TRİPP sənədini reallaşma kontekstində növbəti addım kimi təqdim etmək tam əsaslıdır, çünki sənəd siyasi niyyətlərin artıq icra mexanizmləri ilə müşayiət olunduğunu göstərir. Bu mərhələdə proses yalnız konseptual və ya diplomatik çərçivədə müzakirə olunmur, əksinə, konkret fəaliyyət planları və koordinasiya mexanizmləri üzərindən irəliləyir. Bu yanaşma layihənin geri dönüşü olmayan mərhələyə daxil olduğunu nümayiş etdirir. Bundan sonrakı mərhələdə prosesin işçi qaydada davam etməsi gözləniləndir. Texniki detalların razılaşdırılması, institusional əlaqələndirmə və tərəflər arasında operativ mexanizmlərin qurulması əsas prioritetlərə çevrilir. Bu da onu göstərir ki, təşəbbüs artıq siyasi bəyanatlar mərhələsini geridə qoyub və mərhələli şəkildə praktiki icraya doğru hərəkət edir. Prosesin bu formatda davam etməsi həm əldə olunmuş razılaşmaların qorunmasını, həm də regional sabitlik və kommunikasiyaların açılması istiqamətində davamlı irəliləyişin təmin olunmasını mümkün edir.

BMTM-nin şöbə müdiri qeyd edib ki, sözügedən sənəd artıq konseptual müzakirələrdən real icra mərhələsinə keçidin siyasi çərçivəsini formalaşdırır: “Sənədin açıqlanması regionda sülh, nəqliyyat bağlantıları və iqtisadi inteqrasiyanın güclənməsi baxımından uzunmüddətli perspektivdə ciddi müsbət siyasi nəticələr vəd edir. TRİPP sənədinin imzalanması və onun praktiki icrası, Zəngəzur dəhlizinin Azərbaycanın maraqları nəzərə alınmaqla reallaşdırılması Cənubi Qafqazda əməkdaşlıq, tərəfdaşlıq və qarşılıqlı etimad imkanlarını əhəmiyyətli dərəcədə genişləndirir. Eyni zamanda, bu proses regionun Orta Dəhliz üzərində əsas nəqliyyat və logistika qovşaqlarından birinə çevrilməsinə əlavə impuls verir və ümumilikdə Cənubi Qafqaz üçün uzunmüddətli müsbət siyasi və iqtisadi nəticələr vəd edən strateji sənəd kimi dəyərləndirilə bilər”.

TRİPP sənədinin açıqlanması Cənubi Qafqazda sülh, sabitlik və regional inteqrasiya istiqamətində formalaşan yeni siyasi mərhələnin institusional əsaslarını möhkəmləndirir. Sənəd post-münaqişə dövrünün artıq qeyri-müəyyənlik mərhələsindən çıxaraq konkret icra mexanizmləri üzərində qurulduğunu göstərir. ABŞ-ın birbaşa siyasi himayəsi və praktiki öhdəlikləri prosesin davamlı və geri dönüşü olmayan xarakter aldığını təsdiqləyir. TRİPP çərçivəsində Zəngəzur dəhlizinin reallaşması regional nəqliyyat arxitekturasını yenidən formalaşdırmaqla yanaşı, Ermənistan–Azərbaycan münasibətlərinin normallaşmasını sürətləndirən əsas faktorlardan birinə çevrilir. Bu sənəd Cənubi Qafqazın uzunmüddətli sabitliyinə yönəlmiş strateji yol xəritəsi kimi qiymətləndirilə bilər.

Faiq Mahmudov TRİPP sənədi Cənubi Qafqaz geosiyasi rəqabət ABŞ-ın vasitəçiliyi Vaşinqton görüşü regional inteqrasiya Zəngəzur dəhlizi sülh prosesinin icrası nəqliyyat-kommunikasiya xətləri uzunmüddətli sabitlik

Xəbər Lenti