Gürcüstanda 20 Yanvar şəhidinin adının məktəbə qaytarılması istənilir - FOTO

Tarix: 20 Jan 2026 17:51

Gürcüstan əsilli 20 Yanvar şəhidlərindən biri olan İsmayıl Mursaqulovun xatirəsi doğulduğu Marneuli rayonunun Qızılhacılı kəndində vaxtilə əbədiləşdirilib. Kənddə küçələrdən birinə və 2 saylı azərbaycandilli natamam orta məktəbə onun adı verilib. Küçə bu gün də İsmayıl Mursaqulovun adını daşıyır, lakin təhsil ocağından götürülüb. Şəhid həmin məktəbdə təhsil almasa da, küçə ilə birgə Qızılhacılıda Mursaqulovlar nəslinin yurd yerində yerləşir.

Şəhidin yaxın qohumu Fərid Mursaqulov APA-nın Gürcüstan bürosuna bildirib ki, məktəbə İsmayıl Mursaqulovun adı 20 Yanvar faciəsindən sonrakı illərdə verilib, 2000-ci illərin əvvəlində isə götürülüb.

“İsmayıl Mursaqulovun adının məktəbə qaytarılması xahişi ilə ötən ilin aprelin 28-də tələb olunduğu kimi Marneuli meriyasına və bələdiyyə şurasına müraciət təqdim etmişəm. Müracətimə Qızılhacılı sakinlərinin 140-a yaxın imzası əlavə olunub. Müraciətimə komissiyanın iclasında baxılacağı bildirildi. Amma təəssüflər olsun ki, doqquz aya yaxın bir müddətin keçməsinə baxmayaraq, müraciətimə hər hansı bir cavab verilməyib”, - o deyib.

Fərid Mursaqulov qeyd edib ki, məktəb rəhbərliyi və müəllim heyəti təhsil müəssisəsinin əvvəlki adının bərpasına şifahi razılıqlarını bildiriblər:

“Məktəbin binası qəzalı vəziyyətdədir, bərpaya ehtiyacı var. Ümid edirəm ki, İsmayıl Mursaqulovun adının məktəbə qaytarılması mümkün olandan sonra təhsil ocağında təmir-bərpa işləri həyata keçiriləcək”.

O əlavə edib ki, müraciətinə baxılmanın hansı mərhələdə olmasını öyrənmək üçün yaxın günlərdə Marneuli meriyasına baş çəkəcək.

Qeyd edək ki, Gürcüstanda 2009-cu ildən dövlət məktəblərinin xüsusi adla adlandırılması dayandırılsa da, 2019-cu ildən etibarən ölkənin Təhsil, Elm və Gənclər Nazirliyinin əmrləri ilə bir neçə orta təhsil müəssisinə bu cür adlar verilir. Ötən ilin avqustunda nazirliyin qərarı ilə Çoxatauri rayonunun Çaisubani kənd məktəbi yazıçı Nodar Dumbadzenin, Tetritskaro kənd məktəbi isə çar Qurucu Davidin şərəfinə adlandırılıb.

Xatırladaq ki, professor İsmayıl Mursaqulov Sumqayıt Polimer Materialları İnstitutunun alimi olub, yanvarın 24-də həmkarları İbrahim İbrahimov və Svetlana Məmmədova ilə birgə işə yollanarkən qətliamın qurbanı olub. O, fevralın 3-də 50 yaşında vəfat edib, Bakıdakı Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Cəmilə Babayeva

Xəbər Lenti