Sərhədi pozmağa cəhd göstərən Pakistan vətəndaşı saxlanıldı

Tarix: 22.11.2023 16:50

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qeyri-leqal miqrasiyaya qarşı mübarizə tədbirləri çərçivəsində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Zaqatala” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində dövlət sərhədinin pozulmasının qarşısı alınıb.

DSX-nin mətbuat mərkəzindən “Qafqazinfo”ya verilən məlumata görə, noyabrın 21-də saat 18:15-də Balakən rayonunun Poçtbinə kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində Pakistan İslam Respublikası vətəndaşı 2001-ci il təvəllüdlü Azan Sohail Muhammad Azərbaycandan Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılıb.

Araşdırma zamanı saxlanılan şəxsin ölkə ərazisinə rəsmi qaydada gəlməsi, dövlət sərhədini pozaraq Azərbaycandan Gürcüstana, oradan isə Avropa ölkələrindən birinə miqrasiya etmək niyyətində olduğu müəyyənləşdirilib.

Fakt üzrə qeyri-leqal miqrasiya kanalının aşkarlanaraq zərərsizləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Xəbər Lenti