Cümə axşamı, 29 Yanvar, 2026
Tarix: 29 Jan 2026 10:00
Elektron sübutların toplanması prosesi tam hüquqi çərçivəyə salınır, məhkəməyədək icraatın və məhkəmə icraatının elektron qaydada aparılması proseduru müəyyənləşir.
APA-nın xəbərinə görə, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün videokonfrans formatında keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsində əksini tapıb.
Qeyd edilib ki, müasir dövrdə rəqəmsal texnologiyaların sürətli inkişafı cinayət mühakimə icraatının qarşısında yeni çağırışlar qoyub. Klassik cinayət-prosessual mexanizmlər informasiya-kommunikasiya vasitələrindən istifadə edilməklə törədilən və gizlədilən cinayətlərin aşkarlanmasında artıq yetərli effektivliyi təmin edə bilmir. Mövcud qanunvericilikdə elektron formada sübutların müstəqil sübut növü kimi tanınması, onların toplanması, saxlanılması və bütövlüyünün qorunması mexanizmlərində boşluqların olması, rəqəmsal mühitdə aparılan cinayət təqibinin hüquqi bazasının təkmilləşdirilməsini zəruri edib.
Həmçinin Milli Məclisə daxil olmuş "İnformasiya və kommunikasiya texnologiyaları sistemlərindən istifadə etməklə törədilən müəyyən cinayətlərlə mübarizədə və ağır cinayətlərə aid olan sübutların elektron formada mübadiləsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi Birləşmiş Millətlər Təşkilatının Kibercinayətkarlığa qarşı Konvensiyası" 2025-ci ilin 25 oktyabr tarixində Hanoy şəhərində ölkəmiz adından müvafiq bəyanatlar və qeyd-şərtlərlə imzalanıb. BMT Konvensiyası ölkəmiz tərəfindən ratifikasiya edildikdən sonra bu öhdəliklərin icrasının təmin edilməsi zərurəti yaranacaq.
Qanun layihəsinin də əsas məqsədi kibercinayətkarlığa qarşı mübarizə sahəsində yeni çağırışlara cavab vermək, qanunvericilikdə mövcud olan boşluqları aradan qaldırmaq, eləcə də müvafiq sahədə beynəlxalq müqavilələrin tələblərini daxili hüquq sisteminə tam inteqrasiya etməkdir. Belə bir tənzimləmə kibercinayətkarlığa qarşı həm milli, həm də beynəlxalq səviyyədə daha səmərəli mübarizə aparılmasına imkan verəcək.
Qanun layihəsində texnoloji tərəqqiyə uyğun olaraq köhnəlmiş ifadələr müasir terminlərlə əvəz edilir. Belə ki, Konvensiyanın tələblərinə müvafiq olaraq, qanunvericilikdəki "kompüter sistemi" ifadəsi "İKT sistemi", "kompüter məlumatları" isə "elektron verilənlər" terminləri ilə əvəz edilir. Bu, smartfonlardan tutmuş bulud infrastrukturuna qədər bütün müasir vasitələrin hüquqi tənzimləmə dairəsinə daxil edilməsini təmin edir. Eyni zamanda, qanunvericiliyə "trafik verilənləri", "abunəçi məlumatları", "məzmun verilənləri" və "xidmət provayderi" kimi yeni hüquqi anlayışlar daxil edilir.
Cinayət-Prosessual Məcəlləsinə edilən əlavələr elektron sübutların toplanması prosesini tam hüquqi çərçivəyə salır. Buraya elektron verilənlərin əldə edilməsi, mühafizəsi və prosessual rəsmiləşdirilməsi qaydalarının müəyyən edilməsi, İKT sistemlərinə baxış, axtarış və götürmə tədbirlərinin hüquqi əsaslarının və hədlərinin dəqiqləşdirilməsi aiddir. Bu dəyişikliklər elektron sübutların etibarlılığını, yolverilənliyini və məhkəmədə qiymətləndirilməsinin şəffaflığını artırmağa xidmət edəcək.
Bundan başqa, layihəyə əsasən, CPM-ə "Məhkəməyədək icraatın elektron qaydada aparılması" və "Məhkəmə icraatının elektron qaydada aparılması" kimi yeni maddələr daxil edilərək həmin məsələlərin ətraflı tənzimlənməsi nəzərdə tutulur. Hazırda mövcud olan "Cinayət mühakimə icraatının elektron qaydada aparılması" adlı maddənin isə mətni genişləndirilərək yeni versiyada təqdim olunmuşdur. Həmçinin, məhkəmə və prokurorluq arasında sənəd dövriyyəsinin "Elektron məhkəmə" və "Elektron prokurorluq" sistemləri vasitəsilə, gücləndirilmiş elektron imza ilə həyata keçirilməsi mexanizmi təsbit olunur.
Beynəlxalq konvensiyalardan irəli gələn normaların milli qanunvericiliyə bu şəkildə dəqiq və sistemli implementasiyası, ölkəmizin kibertəhlükəsizlik reytinqlərində mövqeyini yüksəldəcək və transmilli cinayətkarlıqla mübarizədə beynəlxalq tərəfdaşlarla əməkdaşlığı daha səmərəli edəcək.
Layihə hazırlanarkən Almaniya, ABŞ, Türkiyə, Böyük Britaniya, Niderland, Özbəkistan kimi ölkələrin qanunvericilik təcrübəsi yaxından öyrənilib. Qeyd olunan ölkələrdə elektron sübutların ayrıca hüquqi institut kimi formalaşması istintaqın effektivliyini və məhkəmə araşdırmasının şəffaflığını əhəmiyyətli dərəcədə artırıb.
Firuzə Vahid Elektron sübutlar elektron məhkəmə