ABŞ Ticarət Palatası: Azərbaycan enerji sahəsində regional əlaqələndirici rol oynaya bilər

Tarix: 10 Feb 2026 09:11

"Azərbaycan enerji sahəsində regional əlaqələndirici rol oynaya bilər".

APA xəbər verir ki, bunu ABŞ Ticarət Palatasının beynəlxalq üzvlərlə əlaqələr, Yaxın Şərq və Türkiyə üzrə baş vitse-prezidenti Kuş Çoksi jurnalistlərlə görüşündə Azərbaycanın enerji sektorunda regional əhəmiyyətinə dair fikirlərini bölüşərkən deyib.

Onun sözlərinə görə, Azərbaycanın güclü və inkişaf etmiş infrastruktura malik olması enerji resurslarından səmərəli istifadə etməklə iqtisadiyyatın şaxələndirilməsinə və dayanıqlı iqtisadi artımın təmin olunmasına şərait yaradır. Çoksi bildirib ki, bu amil ölkənin inkişafı üçün müxtəlif istiqamətlərdə yeni imkanlar açır.

Baş vitse-prezident qeyd edib ki, bu potensial turizm sahəsində də aydın şəkildə görünür. Onun sözlərinə görə, ölkəyə gələn turistlərin sayının artması, xizək kurortlarının inkişafı, müasir infrastruktur və Bakının zəngin tarixi irsi Azərbaycanın imkanlarını nümayiş etdirən nümunələrdəndir.

Kuş Çoksi Azərbaycanın strateji coğrafi mövqeyinə də xüsusi diqqət çəkib. Bildirib ki, ölkənin şərqlə qərb arasında yerləşməsi Avropanın enerji tələbatının qarşılanması, nəqliyyat marşrutlarının inkişafı, logistika, istehsal və şimal-cənub əlaqələrinin gücləndirilməsi baxımından mühüm rol oynayır.

Onun sözlərinə görə, regionun inkişafı davam etdikcə Azərbaycanın enerji mərkəzi kimi rolu daha da artacaq. Çoksi əlavə edib ki, ölkə elə bir strateji mövqedə yerləşir ki, bu da ona öz sərhədlərindən kənarda yerləşən bir sıra bazarlara çıxış imkanları yaradır.

ABŞ ticarət enerji Kuş Çoksi

Xəbər Lenti