Bakıda İran İslam İnqilabının 47-ci ildönümü münasibətilə tədbir keçirilib - FOTO

Tarix: 10 Feb 2026 20:26

Fevralın 10-da İranın Azərbaycandakı səfirliyi ölkənin milli bayramı - İslam İnqilabının 47-ci ildönümü münasibətilə rəsmi qəbul təşkil edib.

APA xəbər verir ki, tədbirdə Azərbaycan hökumətini Baş nazirin müavini, Azərbaycan-İran Hökumətlərarası Komissiyanın həmsədri Şahin Mustafayev təmsil edib.

Əvvəlcə Azərbaycanın və İranın dövlət himnləri səsləndirilib.

İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçilu çıxış edərək, ölkəsinin inqilabdan ötən 46 ildə keçdiyi inkişaf yolundan danışıb, bu illərdə müxtəlif sahələrdə böyük uğurlar qazanıldığını vurğulayıb.

Səfir dövlətlərarası əlaqələrin mövcud olduğu ötən 34 il ərzində İranın hər zaman Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü, suverenliyini dəstəklədiyini, Azərbaycan xalqı ilə həmrəy olduğunu vurğulayıb.

"Bu gün də hər iki dövlətin ali rəhbərliyinin iradəsi nəticəsində ikitərəfli əlaqələr yüksələn xətlə inkişaf etməkdədir", - o qeyd edib.

Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev əvvəlcə hökumət adından təbriklərini çatdırıb.

Mustafayev Azərbaycan ilə İran arasında münasibətlərin əsrlərə söykənən tarixi köklərə, coğrafi qonşuluğa və ortaq mədəni-mənəvi dəyərlərə əsaslandığını, iki ölkə arasında mehriban qonşuluq münasibətlərinin möhkəmləndiridiyini, qarşılıqlı fayda və əməkdaşlıq prinsipləri əsasında inkişaf etdirildiyini qeyd edib.

Mustafayev çıxışında qeyd edib ki, Azərbaycan–İran əlaqələrinin inkişafı hər iki ölkə prezidentinin siyasi iradəsi və liderliyi sayəsində mümkün olub.

"Son dövrlərdə dövlət başçıları arasında aparılan müntəzəm və yüksək səviyyəli dialoq ikitərəfli münasibətlərin dinamik inkişafına mühüm töhfə verib. Bu baxımdan, ötən ilin aprel ayında İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri xüsusi əhəmiyyət daşıyır.

Səfər zamanı imzalanmış sənədlər və əldə olunmuş razılaşmalar ikitərəfli əməkdaşlığın daha da möhkəmləndirilməsinə, qarşılıqlı maraq doğuran sahələrdə praktiki iş birliyinin dərinləşdirilməsinə əlverişli şərait yaradıb. Azərbaycan və İran BMT, İslam Əməkdaşlıq Təşkilatı və İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində də sıx əməkdaşlıq edirlər", - o bildirib.

İkitərəfli münasibətlərin iqtisadi sahədə inkişaf dinamikası xüsusi qeyd olunub.

"İki ölkə arasında iqtisadi əməkdaşlıq ticarət, nəqliyyat, enerji, infrastruktur, kommunikasiya və humanitar sahələri əhatə edir. Birgə hökumətlərarası Komissiyanın fəaliyyəti bu əməkdaşlığın genişlənməsində mühüm rol oynayır" – Baş nazirin müavini bildirib.

Mustafayev nəqliyyat, logistika və enerji layihələrinin iki ölkə arasında iqtisadi əməkdaşlığın əsas komponenti olduğunu deyib.

"Bu çərçivədə İran ərazisi vasitəsilə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikasını birləşdirəcək nəqliyyat infrastrukturunun yaradılması üzrə layihələr icra olunur. Avtomobil yollarının və digər infrastruktur obyektlərinin tikintisi davam etdirilir.

Azərbaycan öz ərazisində Şimal–Cənub nəqliyyat dəhlizi üzrə müasir nəqliyyat infrastrukturu formalaşdırıb. Dəmir yolları, avtomobil magistralları, logistika mərkəzləri və liman infrastrukturu fasiləsiz və səmərəli yükdaşımalar üçün möhkəm əsas yaradıb", - o bildirib.

Mustafayev çıxışında Xudafərin və Ordubad layihələrinin əhəmiyyətini də vurğulanıb. O, qeyd edib ki, bu layihələr enerji və digər sahələrdə əməkdaşlığın inkişafına xidmət edir və qarşılıqlı faydalı tərəfdaşlıq üçün yeni imkanlar yaradır.

Rəsmi qəbulda dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş səfirləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

İlqar Xudiyev

Xəbər Lenti