Litvanın müstəqilliyinin 108-ci ildönümü münasibətilə tədbir keçirilib - FOTO

Tarix: 11 Feb 2026 20:05

Beynəlxalq Muğam Mərkəzində Litvanın dövlət müstəqilliyinin bərpasının 108-ci ildönümü münasibətilə tədbir keçirilib.

APA xəbər verir ki, tədbirdə Azərbaycanın xarici işlər nazirinin müavini Fariz Rzayev, bəzi xarici ölkələrin Azərbaycandakı səfirləri, diplomatlar, ictimai-siyasi xadimlər və başqaları iştirak edib.

Tədbir Azərbaycan və Litva himnlərinin səsləndirilməsi ilə başlayıb.

Ardınca Litva səfiri Kestutis Vaşkeleviçus çıxış edib. O, ölkəsinin keçdiyi müstəqillik yolu barədə qısa məlumat verib və müstəqillik mübarizəsinin Azərbaycan və Litva xalqları arasında körpü qurduğunu bildirib: “Məmməd Əmin Rəsulzadənin də deyiyi kimi, “Bir kərə yüksələn bayraq, bir daha enməz”. Azərbaycan və Litvaya müstəqillik bəxş edən fiziki güc yox, xalqlarımızın ideoloji gücü və qətiyyəti olub”, - səfir bildirib.

Azərbaycanın xarici işlər nazirinin müavini Fariz Rzayev çıxış edərək, iki ölkə arasında əlaqələrin hələ Azərbaycan Xalq Cümhuriyyətinin dövründə mövcud olduğunu və Azərbaycanda Litva səfirliyinin fəaliyyət göstərdiyini qeyd edib. O, ölkələrimiz arasında əməkdaşlıq çərçivəsində hər iki ölkə rəsmilərinin keçirdiyi görüşlərə toxunub və Azərbaycan-Litva əlaqələrinin uğurla inkişaf etdiyini bəyan edib.

Çıxışlardan sonra Salman Qəmbərov və onun rəhbərlik etdiyi “Bakustik-caz” qrupunun ifasında musiqi səsləndirilib.

Qeyd edək ki, fevralın 16-da Litva dövlət müstəqilliyinin bərpa olunmasının 108 illiyi tamam olur. 1918-ci il fevralın 16-da Litva Şurası ölkənin suveren dövlət elan edilməsi haqqında Müstəqillik Aktını imzalayıb.

Toğrul Quluzadə Litva

Xəbər Lenti