Naxçıvanda ümumi gücü 50 MVt olan günəş elektrik stansiyaları layihələri üzrə müqavilələr imzalanıb

Tarix: 23 Feb 2026 14:06

Energetika Nazirliyində energetika naziri Pərviz Şahbazov, “Azərenerji” ASC, Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi, “Azerbaijan Green Enerji Company” (AGEC), “CEI Naxçıvan” MMC, “Nobel Energy” və “Enerso” MMC-nin rəhbər şəxslərinin iştirakı ilə görüş keçirilib.

“APA-Economics” xəbər verir ki, görüşdə energetika naziri Pərviz Şahbazov deyib ki, Naxçıvan Muxtar Respublikasının enerji təhlükəsizliyinin gücləndirilməsi, davamlı sosial-iqtisadi inkişafının sürətləndirilməsi və onun regional enerji istehsalı və ixrac mərkəzinə çevrilməsi məqsədilə bərpa olunan enerji mənbələrinin geniş tətbiqi dövlət başçısının strateji kursunda prioritet istiqamətlərdən biridir: "Hazırda Naxçıvanda bərpa olunan enerji mənbələrinin payı elektrik enerjisinin quraşdırılmış gücündə 44 faiz, istehsalında isə 36,4 faiz təşkil edir. Naxçıvanda bərpa olunan enerji sahəsində özəl investisiyanın ilk nümunələri olan, ümumi investisiya dəyəri 60 milyon manatdan çox təşkil edən “Şəms 1” və “Qərbi Üfüq” günəş elektrik stansiyaları bölgədə “yaşıl inkişaf” modelinin formalaşmasına mühüm töhfə verəcəkdir”.

Yekunda Azərbaycan Respublikası Hökuməti və “Azərenerji” ASC ilə “CEI Nakhchivan” MMC arasında Naxçıvan Muxtar Respublikasında 25 MVt gücündə “Şəms 1” Günəş Elektrik Stansiyası layihəsi üzrə “İnvestisiya müqaviləsi”, “Enerji alqı-satqı müqaviləsi” və “Ötürücü şəbəkəyə qoşulma müqaviləsi” imzalanıb. Həmçinin Azərbaycan Respublikası Hökuməti və “Azərenerji” ASC ilə “Enerso” MMC arasında 25 MVt gücündə “Qərbi Üfüq” Günəş Elektrik Stansiyası layihəsi üzrə “İnvestisiya müqaviləsi”, “Enerji alqı-satqı müqaviləsi” və “Ötürücü şəbəkəyə qoşulma müqaviləsi” imzalanıb. Şirkətlərlə stansiyalar üzrə investisiya müqavilələri Azərbaycan Respublikası Hökuməti adından energetika naziri Pərviz Şahbazov, enerji alqı-satqı və ötürücü şəbəkəyə qoşulma müqavilələri isə “Azərenerji” ASC-nin prezidenti Baba Rzayev tərəfindən imzalanıb.

Bu layihələrin reallaşması nəticəsində ümumilikdə illik 122 milyon kVt·st elektrik enerjisi istehsalı gözlənilir ki, bu da 26 milyon kubmetr qaza qənaət edilməsinə, 57 min ton karbon emissiyasının azaldılmasına imkan yaradacaq.

Şükran Məmmədov energetika

Xəbər Lenti