- , 22 Dekabr, 2024
Tarix: 24.11.2023 18:41
Rüşvət almaqda ittiham olunan jurnalist Əvəz Zeynallının cinayət işi üzrə məhkəmə araşdırması davam edir.
“Qafqazinfo”nun məlumatına görə, bugünkü iclasda bu iş üzrə şahid qismində tanınmış vəkil Elçin Sadıqov və “Baku Steel Company”nin keçmiş rəhbəri Rasim Məmmədovun həyat yoldaşı Mehriban Məmmədovanın məhkəmədə dindirilməsi məsələsi müzakirəyə çıxarılıb.
Ötən iclasda Elçin Sadıqov məhkəməyə ərizə göndərərək, eyni iş üzrə təqsirləndirilən şəxs qismində olduğu üçün şahid kimi ifadə vermək istəmədiyini demişdi.
Vəkil ərizəsində yazırdı ki, qanun şəxsə özünə, valideynlərinə, övladına və digər yaxınlarına qarşı ifadə verməmək hüququ tanıyır.
Əvəz Zeynallı və vəkilləri Elçin Sadıqovun məhkəmədə dindirilməməsinə o şərtlə razılaşırlar ki, onun istintaq dövründəki ifadəsi sübutlar siyahısından çıxarılsın. Müdafiə tərəfi əks halda vəkilin məhkəmədə dindirilməsində israrlı olduqlarını deyib.
Əli Məmmədovun sədrlik etdiyi hakimlər heyəti müdafiə tərəfi ilə razılaşıb. Elçin Sadıqov haqqında məcburi gətirilmə qərarı çıxarılıb.
Məhkəməyə gəlməyən digər şahid Mehriban Məmmədovadır. Məhkəmə onun istintaqdakı ifadəsini elan etmək istəsə də, müdafiə tərəfi bununla da razılaşmayıb.
M.Məmmədova hazırda Türkiyədədir. O, ölkəyə gəldikdən sonra məhkəmədə ifadə verəcək.
Xatırladaq ki, ötən ilin avqustunda jurnalist Eynulla Fətullayev Əvəz Zeynallının səs yazısını yayaraq onun həbsdə olan iş adamı Rasim Məmmədovun ailəsindən rüşvət almaqda ittiham etmişdi. İttihama görə, Ə.Zeynallı R.Məmmədov barəsində müsbət imic formalaşdırmaq üçün müvafiq verilişlər hazırlamağı vəd edərək onun ailəsindən 20 min manat rüşvət alıb.
Sail Ağasəlim