Cümə axşamı, 26 Ferval, 2026
Tarix: 25 Feb 2026 23:05
ABŞ Müharibə Nazirliyi Çin Xalq Respublikasının hərbi təlimləri, sualtı qayıqları və peykləri üzərində müşahidəni gücləndirmək məqsədilə əlavə 12,6 milyard dollar vəsait ayırmağı planlaşdırır. APA xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi Pentaqonun Konqresə təqdim etdiyi sənədə istinadən məlumat yayıb.
Məlumata görə, vəsait ABŞ hərbçilərinin hazırlıq səviyyəsinin artırılmasına, hücum xarakterli kiber imkanların gücləndirilməsinə və Hind-Sakit okean regionunda müşahidə imkanlarının genişləndirilməsinə yönəldiləcək.
Plan çərçivəsində 1 milyard dollar ABŞ Kosmik Qüvvələrinin istismar etdiyi pilotsuz X-37B kosmik aparatının saxlanılması ilə bağlı xərclərə ayrılacaq.
Bundan əlavə, Pentaqon erkən xəbərdarlıq üzrə kəşfiyyat peykləri qruplaşmasının genişləndirilməsi üçün 528 milyon dollar, sualtı qayıqlara qarşı sonar sistemlərinin təkmilləşdirilməsi üçün isə 143 milyon dollar vəsait ayırmağı nəzərdə tutur.