Cenevrədə İran-ABŞ danışıqları başa çatıb, gələn həftə Vyanada texniki məsləhətləşmələr aparılacaq - YENİLƏNİB 2

Tarix: 26 Feb 2026 23:06

İran və ABŞ nümayəndələri Cenevrədə danışıqların növbəti mərhələsini başa vurublar və öz liderləri ilə məsləhətləşmələrdən sonra dialoqu bərpa etmək barədə razılığa gəliblər.

APA xəbər verir ki, bu barədə iki tərəf arasında vasitəçilik edən Omanın xarici işlər naziri Bədr əl-Busaidi öz “X” hesabında məlumat verib.

"Biz danışıqları onların paytaxtlarında məsləhətləşmələrdən qısa müddət sonra bərpa edəcəyik. Texniki səviyyədə müzakirələr gələn həftə Vyanada keçiriləcək", - o bildirib.

XİN rəhbəri İran və ABŞ nümayəndələrinə, o cümlədən Beynəlxalq Atom Enerjisi Agentliyinin nümayəndələri və İsveçrə hökuməti də daxil olmaqla, prosesin bütün iştirakçılarına səylərinə görə təşəkkür edib.

Nazir onu da qeyd edib ki, Cenevrədə ABŞ və İran arasında danışıqlar əhəmiyyətli irəliləyişlə başa çatıb.

***

16:34

Cenevrədə İran-ABŞ danışıqlarında fasilə yaranıb.

APA İran mediasına istinadən xəbər verir ki, üç saat davam edən danışıqlardan sonra heyətlər məsləhətləşmələr aparmaq məqsədilə müzakirələrin aparıldığı məkanı tərk ediblər.

Bildirilib ki, danışıqların yaxın saatlarda davam etdirilməsi gözlənilir.

***

11:56

Cenevrədə İranla ABŞ arasında dolayı nüvə danışıqları başlayıb.

APA xəbər verir ki, bu barədə Fars xəbər agentliyi məlumat yayıb.

İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-la danışıqların üçüncü raundunda iştirak etmək üçün Omanın Cenevrədəki səfirliyinə gedib.

ABŞ tərəfini Prezidentin xüsusi nümayəndəsi Stiv Uitkoff və kürəkəni Cared Kuşner təmsil edir.

Görüş İranın nüvə sənədinə həsr olunub.

Toğrul Quluzadə İranın xarici işlər naziri Abbas Əraqçi İran-ABŞ danışıqları Cenevrə Oman

Xəbər Lenti