Cümə, 27 Ferval, 2026
Tarix: 27 Feb 2026 16:08
"APA-Economics" “S&P Global Ratings” beynəlxalq reytinq agentliyinin Azərbaycan bank sektoruna verdiyi yeni qiymətləndirmə ilə bağlı Azərbaycan Mərkəzi Bankının Kredit təşkilatlarının fəaliyyətinə dair siyasət və tənzimlənmə departamentinin direktoru Leyla Nəbiyeva ilə müsahibəni təqdim edir:
- “S&P Global Ratings” bu yaxınlarda Azərbaycanın bank sektoru üzrə qiymətləndirməsini (BICRA) yüksəldib. Qiymətləndirmədə bu dəyişiklik nəyi əks etdirir?
- “S&P Global Ratings” (S&P) mütəmadi olaraq müxtəlif ölkələr üzrə bank sektoru və ölkə risklərinin qiymətləndirilməsindən BICRA ibarət olan hesabatı dərc edir. Bu hesabatda ölkələrin iqtisadiyyatında baş verən dəyişikliklər və bank sisteminin vəziyyətindən asılı olaraq qiymətləndirmə nəticələri mütəmadi əsasda yenilənir.
BICRA metodologiyasının qiymətləndirməsi iki əsas komponenti ehtiva edir: iqtisadi risk və sahəvi (bank sektoru) risk. İqtisadi risk təhlil edilərkən ölkə iqtisadiyyatının strukturu, şaxələndirilməsi, onun fəaliyyət göstəriciləri, mövcud və potensial disbalanslar, o cümlədən özəl sektorun öz borclarına vaxtında və tam şəkildə xidmət göstərmək qabiliyyəti nəzərə alınır.
Sahəvi riskin qiymətləndirilməsində bank tənzimlənməsi və nəzarətinin keyfiyyəti, effektivliyi və ardıcıllığı, qanunvericilik və institusional baza, bank sisteminin strukturu, maliyyə göstəriciləri və rəqabət mühiti, bankların risk iştahası, eləcə də potensial neqativ təsirlər kimi amillər nəzərə alınır.
Hər bir komponentin altfaktorları üzrə yekun 1-dən 10-a qədər BICRA reytinqi müəyyən edilir. Bu zaman 1 ən aşağı riskli, 10 isə ən yüksək riskli bank sistemini göstərmiş olur.
Risk reytinqi ilə yanaşı, reytinq agentliyi risk proqnozunu (mənfi, sabit və ya müsbət) müəyyən edir.
BICRA reytinqi S&P tərəfindən bankların və digər maliyyə institutlarının fərdi reytinqinin formalaşdırılması üçün əsas amillərdən hesab olunur. Beləliklə, BIСRA reytinqinin yaxşılaşması bankların fərdi beynəlxalq reytinqlərinə də müsbət təsir göstərir.
Ölkə iqtisadiyyatı və bank sistemi üçün reytinqin yaxşılaşdırılmasının praktik əhəmiyyətindən bəhs edərkən qeyd etmək lazımdır ki, reytinqin yaxşılaşdırılması xarici investorlar, beynəlxalq maliyyə institutları və digər tərəfdaşlar üçün ölkənin bank sistemini daha stabil qəbul etmək istiqamətində müsbət siqnaldır. Belə ki, bir çox xarici investor investisiya qərarları qəbul edərkən reytinq agentliyinin qiymətləndirmələrinə əsaslanırlar.
Ölkəmin üzrə BICRA reytinqində müsbət dəyişikliklər 2022-ci ildə başlayıb. İlkin olaraq dəyişikliklər risk proqnozunun “sabit”dən “müsbət”ə doğru yaxşılaşdırılmasını, sonra da iqtisadi və sahəvi risk reytinqlərinin yaxşılaşdırılmasını əhatə edib.
Son qiymətləndirmənin nəticələrinə görə Azərbaycanın sahəvi riski üzrə reytinq 8-dən 7-yə yaxşılaşdırılıb. S&P öz açıqlamalarında qeyd edir ki, sahəvi riskinin qiymətləndirilməsi requlyatorun tənzimləmə və nəzarət sisteminin təkmilləşdirilməsi istiqamətində son üç il ərzində atdığı addımları əks etdirir. Hesabatda həmçinin vurğulanır ki, requlyativ sahədə islahatların davam etdirilməsi Azərbaycanda fəaliyyət göstərən banklar üçün tənzimləmə və nəzarət rejimini daha da gücləndirəcək və onları qabaqcıl beynəlxalq təcrübələrə yaxınlaşdıracaq.
- Son illərdə hansı requlyativ islahatlar həyata keçirilib?
- Son illər ərzində Mərkəzi Bank tərəfindən tənzimləmə və nəzarət çərçivəsinin gücləndirilməsi istiqamətində bir sıra əhəmiyyətli tədbirlər həyata keçirilib. Bu məqamda Mərkəzi Bankın “2024-2026-cı illər üzrə maliyyə sektorunun inkişafı Strategiyası”nda (Strategiya) nəzərdə tutulmuş strateji təşəbbüslərini də xüsusi qeyd etmək lazımdır. Banklar üçün təkmil və beynəlxalq standartlarına uyğun korporativ idarəetmə standartları gətirilib və tətbiqinə ciddi nəzarət edilib. Xüsusilə, banklarda müstəqil Müşahidə Şurası üzvlərinin təyini, daxili nəzarət sistemlərinə dair gücləndirilmiş requlyativ tələblər banklarda risk menecment çərçivəsinin təkmilləşdirilməsinə xidmət edib. Əlavə olaraq, Bazel III standartlarına uyğun likvidlik tələbləri müəyyən olunub. Artıq ötən ilin dekabr ayından bütün banklar üzrə qısamüddətli likvidliyin örtülməsi əmsalı üzrə tələb 100%-ə (məcmu göstərici üzrə) çatdırılıb Uzunmüddətli likvidlik mövqeyinin gücləndirilməsi məqsədilə yeni requlyativ normativin tətbiqi üçün requlyativ dəyişikliklər paketi hazırlanıb. Növbəti mühüm təşəbbüs Mərkəzi Bank tərəfindən 2025-ci ilin sonunda kapital tələblərinin Bazel III standartlarına uyğunlaşmasını tələb edən normativ çərçivənin formalaşdırılmasının yekunlaşdırılması olub. Qeyd olunanlardan əlavə Strategiyanın “Tənzimləmə və Nəzarətin Modernizasiyası” təşəbbüsü çərçivəsində bank sektorunda risk əsaslı nəzarət yanaşmasına keçidin təmin edilməsi, nəzarət proseslərində ən qabaqcıl texnoloji həllərin tətbiqi, SUPTECH sisteminin formalaşdırılması, prudensial nəzarətə 9 saylı Beynəlxalq Maliyyə Hesabatları Standartının inteqrasiyası tədbirləri görülüb. Banklarda stres-test proseslərinin gücləndirilməsi, borcalanların izafi borclanması risklərinin qarşısının alınması, bank olmayan kredit təşkilatları üzrə tənzimləmə çərçivəsinin və nəzarətin möhkəmləndirilməsi, eləcə də iqlim və ətraf mühit risklərinin nəzarətlə əhatə edilməsi sahəsində kompleks təşəbbüslər həyata keçirilib.
- BICRA qiymətləndirməsində sahəvi riski üzrə nəticənin ölkə iqtisadiyyatı riski üzrə nəticədən yüksək olması nə ilə bağlıdır?
- Bu özü maraqlı bir məqamdır. Adətən ölkələr üzrə BICRA qiymətləndirməsində sahəvi risk qiymətləndirməsi üzrə reytinqi ən yaxşı halda ölkənin iqtisadi risk göstəricisinə bərabər olur. Azərbaycanda ölkənin iqtisadi riski 8 olaraq qalmasına baxmayaraq, bank sektorumuzun sahəvi riski nüfuzlu agentlik tərəfindən yaxşılaşdırılıb. Bu, bank sektorunun ölkənin ümumi iqtisadi mühitindən daha güclü qiymətləndirildiyi anlamına gəlir. Bu, nadir bir nəticədir və effektiv tənzimləmə və nəzarət sisteminin tətbiqinin birbaşa göstəricisidir.
- Perspektivdəki planlarınız nədən ibarətdir?
Mərkəzi Bank Strategiyadan irəli gələn tədbirlərin icrasını davam etdirəcəkdir. Risk əsaslı nəzarətin tam və effektiv tətbiqi, onun kapital buferləri ilə əlaqələndirilməsi, bank sektorunun dayanıqlılığının yüksəldilməsi, banklarda bazar davranışlarına tənzimləmə və nəzarətin təkmilləşdirilməsi əsas prioritetlərimizdir. Qeyd olunan tədbirlərin icrası öz növbəsində, maliyyə sabitliyinin təmin edilməsini şərtləndirəcək.
İnanırıq ki, həyata keçirilən təşəbbüslər ölkəmizdə bank sektorunun dayanıqlı inkişafını dəstəkləməklə reytinq agentlikləri və beynəlxalq maliyyə institutları tərəfindən aparılan qiymətləndirmələrə müsbət töhfə verəcək.
Rahim Tarıverdiyev Mərkəzi Bank AMB SP bank sektoru