Şənbə, 28 Ferval, 2026
Tarix: 28 Feb 2026 00:09
Pakistan Taliban hakimiyyətinə qarşı “Ghazab lil-Haq” əməliyyatı ilə bağlı son məlumatlar açıqlanıb. APA xəbər verir ki, bu barədə Pakistanın Baş nazirinin xarici media üzrə sözçüsü Moşarraf Zaidi "X" hesbında yazıb.
Onun sözlərinə görə, Əfqanıstan ərazisindən qaynaqlanan terror təhlükəsinin aradan qaldırılması istiqamətində fəaliyyəti gün ərzində davam edib.
Zaidi qeyd edib ki, ümumilikdə 297 əfqan Taliban üzvünün öldürüldüyü təsdiqlənib, 450-dən çoxunun isə yaralandığı bildirilir.
Onun sözlərinə görə, 89 Taliban postu məhv edilib, 18 post isə nəzarətə götürülüb. Həmçinin Taliban rejiminə məxsus 135 tank və zirehli transportyor sıradan çıxarılıb.
Sözçü əlavə edib ki, Əfqanıstan ərazisində 29 məntəqəyə hava zərbələri endirilib.
Qeyd edək ki, bir müddət öncə Pakistan Əfqanıstanın Taliban hakimiyyətinə qarşı “Ghazab lil-Haq” adlı əməliyyata başladığını açıqlayıb. Pakistan Hərbi Hava Qüvvələrinin Kabil, Qəndəhar və Paktia bölgələrində hərbi obyektlərə hava zərbələri endirdiyi bildirilir.
Pakistanın siyasi rəhbərliyi orduya dəstək bəyan edib. Prezident Asif Əli Zərdari, Baş nazir Şahbaz Şərif və müxalifət liderləri hərbi əməliyyata dəstək ifadə edən açıqlamalar veriblər.