Yaxın Şərq böhranı və Hörmüz faktoru: qlobal enerji bazarında qiymətlər necə olacaq? - TƏHLİL

Tarix: 04 Mar 2026 17:58

Yaxın Şərqdə artan geosiyasi gərginlik qlobal enerji bazarlarında qeyri-müəyyənlik səviyyəsini əhəmiyyətli dərəcədə artırıb. Region beynəlxalq enerji sistemində strateji mövqeyə malikdir. Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, Yaxın Şərq ölkələri qlobal neft hasilatının təxminən 30 faizini təmin edir və sübut olunmuş ehtiyatların böyük hissəsi burada cəmləşib. Bu səbəbdən regionda baş verən hərbi-siyasi proseslər enerji bazarlarının qiymət dinamikasına birbaşa təsir göstərir.

Enerji təchizatı baxımından ən həssas nöqtələrdən biri Hörmüz boğazıdır. Gündə təxminən 20 milyon barel neftin daşındığı bu tranzit marşrutunda yaranacaq hər hansı risk qlobal bazarlarda qiymətlərin yüksəlməsinə səbəb ola bilər. Hazırda Brent markalı neftin qiyməti təxminən 80–90 ABŞ dolları diapazonunda formalaşır.

Bəzi bazar ssenarilərinə görə, regional eskalasiya dərinləşərsə, qiymətlərin qısa müddətdə 140 ABŞ dollarına qədər yüksəlməsi mümkündür. Bununla belə, qiymət artımının real miqyası geosiyasi risklərin səviyyəsindən və qlobal təchizat zəncirlərinin sabitliyindən asılı olacaq. Bu səbəbdən mövcud vəziyyətin iqtisadi perspektivlərini qiymətləndirmək üçün ekspert rəyləri xüsusi əhəmiyyət daşıyır.

Enerji bazarlarında gərginlik

“Oxford Economics” şirkətinin enerji sektoru üzrə proqnozlaşdırma şöbəsinin rəhbəri Bricit Peyn APA-ya bildirib ki, hazırda qlobal neft bazarında təklif kifayət qədər yüksəkdir və İranın qlobal tədarükdə ciddi və uzunmüddətli pozuntu yaratmaq potensialı aşağı qiymətləndirilir.

Onun sözlərinə görə, məhz bu səbəbdən tammiqyaslı neft böhranının yaranma ehtimalı da nisbətən zəif hesab olunur: “Bu vəziyyət bazar reaksiyasında da özünü göstərib. İlkin geosiyasi şok fonunda Brent markalı neftin qiyməti bir barel üçün təxminən 80 dollara qədər yüksəlib, lakin daha sonra yenidən 78 dollar ətrafında sabitləşib. Bu isə onu göstərir ki, bazarlar müəyyən qısamüddətli fasilə risklərini qiymətlərə daxil etsə də, uzunmüddətli və ciddi tədarük çatışmazlığı gözləmir”.

Ekspert qeyd edib ki, hazırda “Oxford Economics” şirkətinin əsas ssenarisi Hörmüz boğazında orta səviyyəli pozuntu ehtimalına əsaslanır: “Boğaz texniki olaraq açıq qala bilər, lakin təhlükəsizlik risklərinin artması və sığorta xərclərinin yüksəlməsi səbəbindən tranzit faktiki olaraq əhəmiyyətli dərəcədə məhdudlaşa bilər”.

Bricit Peynin sözlərinə görə, qlobal neft və mayeləşdirilmiş təbii qaz daşımalarının təxminən beşdə biri hər gün Hörmüz boğazından keçir və bu daşımaların ümumi dəyəri, İranın öz ixracı da daxil olmaqla, gündə 1,3 milyard dollardan artıqdır.

Ekspert əlavə edib ki, mövcud qiymətləndirmələrə əsasən növbəti rüb ərzində qlobal neft tədarükündə orta hesabla gündə 4 milyon barel həcmində fasilə yarana bilər: “Bu halda Brent markalı neftin qiymətinin ikinci rübdə orta hesabla bir barel üçün 79 dollar səviyyəsində olacağı gözlənilir ki, bu da fevral ayında verilmiş əsas proqnozdan təxminən 15 dollar yüksəkdir. Bununla belə, rübün sonuna doğru tədarükün tədricən bərpa olunacağı və nəticədə qiymətlərin yenidən aşağı düşəcəyi proqnozlaşdırılır”.

Enerji bazarında qiymət artımı qısamüddətli olacaq

Brüsseldə fəaliyyət göstərən xarici siyasət və beynəlxalq münasibətlər üzrə ekspert Marijan Duriş isə hesab edir ki, artan geosiyasi gərginlik fonunda müxtəlif bazar ssenariləri etalon neft qiymətlərinin müvəqqəti olaraq bir barel üçün 100–120 ABŞ dolları səviyyəsinə yaxınlaşa biləcəyini göstərir.

O, APA-ya açıqlamasında qeyd edib ki, xüsusilə Hörmüz boğazı kimi əsas ixrac marşrutlarında tədarükün pozulması riski bu artım tempini daha da sürətləndirəcək: “Beynəlxalq Valyuta Fondu və Dünya Bankının proqnozlarına görə, belə qiymət sıçrayışları adətən real tədarük çatışmazlığından deyil, daha çox geosiyasi risk mükafatının artmasından qaynaqlanır. ABŞ Enerji İnformasiya Administrasiyasının qiymətləndirmələri göstərir ki, neftin qiymətinin uzun müddət 110 dollardan yuxarı qalması üçün ya uzunmüddətli hasilat fasilələri, ya da OPEC tərəfindən koordinasiya olunmuş təklif məhdudiyyətləri tələb olunur”.

Qiymət artımı tendensiyasının nə vaxtadək davam etməsi məsələsinə toxunan Durişin qənaətinə görə qiymət artımı müvəqqətidir və qlobal enerji tədarük zəncirində struktur pozuntu baş vermədiyi təqdirdə, 6–12 ay ərzində bazarda qismən sabitləşmə gözlənilir: “Bununla belə, qısamüddətli qiymət sıçrayışları belə enerji idxalından asılı iqtisadiyyatlarda inflyasiya gözləntilərinin artmasına və monetar şərtlərin sərtləşməsinə səbəb ola bilər”.

Enerji bahalaşması Avrozonada inflyasiya və sənaye istehsalına təzyiq yaradır

Enerji qiymətlərində müşahidə olunan artım Avropa iqtisadiyyatı üçün mühüm makroiqtisadi çağırışlar yaradır. Qitə ölkələrinin əksəriyyəti enerji resurslarının böyük hissəsini idxal etdiyi üçün qlobal bazarlardakı qiymət dəyişiklikləri iqtisadi göstəricilərə birbaşa təsir göstərir. Enerji daşıyıcılarının bahalaşması həm inflyasiya təzyiqini artırır, həm də sənaye istehsalının maya dəyərini yüksəldir. Bu isə istehsalın azalması, rəqabət qabiliyyətinin zəifləməsi və iqtisadi artım tempinin yavaşıması kimi nəticələrə səbəb ola bilər. Eyni zamanda enerji təhlükəsizliyi məsələsi də yenidən gündəmə gəlir. Bu kontekstdə əsas sual enerji qiymətlərində artımın Avropa iqtisadiyyatına mümkün makroiqtisadi təsirləri ilə bağlıdır.

Xarici siyasət üzrə ekspert Marian Duriş enerji qiymətlərində son artımın Avropa iqtisadiyyatı üçün bir sıra mənfi nəticələr yarada biləcəyini bildirib.

Ekspertin sözlərinə görə, ilk növbədə enerji xərclərinin artması inflyasiyaya ciddi təzyiq göstərir: “2026-cı ildə enerji Avrozonada istehlak qiymətləri indeksinin HICP səbətində təxminən 9 faiz paya malikdir. Bu səbəbdən enerji bazarında hətta orta səviyyəli qiymət şoku belə ümumi inflyasiyanın sürətlə yüksəlməsinə gətirib çıxara bilər. İstehsal və nəqliyyat xərclərinin artması nəticəsində bu təsir əsas inflyasiyaya da dolayı şəkildə ötürülür”.

Onun sözlərinə görə, son statistik məlumatlar inflyasiya dinamikasının nə qədər həssas olduğunu göstərir: “2026-cı ilin fevral ayında Avrozonada inflyasiya 1.9 faiz səviyyəsində qiymətləndirilib. Bu göstərici yanvar ayı ilə müqayisədə 0.2 faiz bəndi çoxdur. Eyni zamanda əsas inflyasiya təxminən 2.4 faiz səviyyəsində qalır ki, bu da enerji qiymətlərindəki şokun xidmətlər və qeyri enerji mallarının qiymətləri vasitəsilə daha uzunmüddətli təsir riskini artırır”.

Marian Duriş qeyd edib ki, bazar ssenariləri də enerji qiymətlərinin inflyasiyaya həssas təsirini göstərir: “Analitiklərin hesablamalarına görə, neft qiymətlərinin 10 faiz artması ümumi inflyasiyanı orta hesabla 0.2 faiz bəndi yüksəldə bilər. Bu təsirin miqyası isə qiymət artımının davametmə müddətindən və xərclərin iqtisadiyyata ötürülmə dərəcəsindən asılıdır. Enerji və xammal xərclərinin artması istehsal sektoruna da ciddi təsir göstərir. Xüsusilə kimya sənayesi, metallurgiya və enerji tutumlu istehsal sahələri belə qiymət dəyişikliklərinə daha həssasdır. Onun sözlərinə görə, Avropa Komissiyasının iqtisadi proqnozlarına əsasən, 2026-cı ildə Avrozonada ÜDM artımının təxminən 1.4 faiz olacağı gözlənilir. Lakin enerji qiymətlərinin uzun müddət yüksək qalması mənfəət marjalarının azalmasına, investisiyaların təxirə salınmasına və sənaye istehsalının artım tempinin zəifləməsinə səbəb ola bilər”.

Hörmüz böhranı qlobal ticarət marşrutlarını və logistika xərclərini dəyişə bilər

Hörmüz boğazı qlobal enerji logistikasının ən kritik strateji nöqtələrindən biri hesab olunur. Dünya üzrə ixrac olunan neftin və mayeləşdirilmiş təbii qazın böyük hissəsi məhz bu marşrut vasitəsilə beynəlxalq bazarlara çatdırılır. Bu səbəbdən boğazın fəaliyyətində hər hansı məhdudiyyət və ya blokada qlobal enerji tədarük zəncirinə ciddi təsir göstərə bilər. Belə ssenari yalnız enerji bazarlarında qiymət artımı ilə məhdudlaşmır, həm də qlobal ticarət marşrutlarının dəyişməsi, nəqliyyat xərclərinin artması və maliyyə bazarlarında qeyri sabitliyin güclənməsi kimi nəticələr doğura bilər. Bu kontekstdə İranın boğazı bağlaması ehtimalının qlobal iqtisadiyyata təsiri əsas müzakirə mövzularından biridir.

Xarici siyasət üzrə ekspert Durişin qiymətləndirməsinə görə, Hörmüz boğazının bağlanması qlobal iqtisadiyyat üçün ciddi sarsıntılara səbəb ola bilər: “Bu marşrut vasitəsilə dünya üzrə gündəlik neft tədarükünün təxminən 20 faizi və mayeləşdirilmiş təbii qaz ixracının təqribən 25 faizi daşınır. Bu səbəbdən boğazın blokadası qlobal enerji bazarlarında kəskin qiymət artımına gətirib çıxara bilər. Enerji qiymətlərinin artması isə qlobal inflyasiyaya birbaşa təsir göstərərək istehsal, nəqliyyat və logistika xərclərini yüksəldəcək. Beynəlxalq maliyyə institutlarının qiymətləndirmələrinə görə, neft qiymətlərinin 10 faizlik artımı qlobal inflyasiyanı təxminən 0.2–0.3 faiz bəndi yüksəldə bilər”.

O qeyd edib ki, eyni zamanda, gəmiçilik şirkətlərinin alternativ və daha uzun marşrutlara yönəlməsi daşınma xərclərini 15–20 faiz artıra və tədarük müddətini əhəmiyyətli dərəcədə uzada bilər: “Uzunmüddətli ssenaridə isə sənaye istehsalının zəifləməsi, istehlak tələbinin azalması və sərtləşən monetar siyasət qlobal iqtisadi artım tempini əhəmiyyətli dərəcədə zəiflədə bilər”.

Çin və İran arasında diplomatik dinamika yenidən formalaşdıra bilər

Yaxın Şərq qlobal enerji tədarükünün əsas mərkəzlərindən biri olmaqla yanaşı, böyük istehlakçı ölkələrin enerji təhlükəsizliyi strategiyalarında da mühüm yer tutur. Bu baxımdan Çin regiondan idxal etdiyi enerji resurslarına görə xüsusilə həssas mövqedədir. Pekinin mayeləşdirilmiş təbii qaz idxalının əhəmiyyətli hissəsi Qətərdən təmin olunur və bu tədarükün böyük qismi Hörmüz boğazından keçən marşrutlardan istifadə edir. Bu marşrutun bağlanması ehtimalı enerji təchizatının sabitliyi ilə bağlı yeni geosiyasi və iqtisadi suallar doğurur. Belə şəraitdə İran və Çin arasında enerji təhlükəsizliyi və iqtisadi maraqlar kontekstində mümkün diplomatik dinamikanın necə formalaşa biləcəyi xüsusi diqqət doğurur.

Xarici siyasət üzrə ekspert Duriş hesab edir ki, Hörmüz boğazı ətrafında mümkün eskalasiya Çin və İran arasında münasibətlərin diplomatik dinamikasına təsir göstərə və enerji təhlükəsizliyi kontekstində maraqların yenidən balanslaşdırılmasını gündəmə gətirə bilər: “Çin iqtisadiyyatının enerji təminatında Yaxın Şərq regionu mühüm rol oynayır və ölkənin mayeləşdirilmiş təbii qaz idxalının əhəmiyyətli hissəsi Qətərdən, xam neft tədarüklərinin böyük qismi isə məhz bu strateji marşrut vasitəsilə həyata keçirilir”.

Ekspert qeyd edir ki, Hörmüz boğazının bağlanması və ya bu marşrut üzrə nəqliyyatın məhdudlaşdırılması Pekin üçün ciddi enerji təhlükəsizliyi riski yarada bilər.

Durişin fikrincə, bu şəraitdə Çin diplomatik kanallar vasitəsilə regionda sabitliyin qorunmasına və beynəlxalq enerji ticarəti üçün kritik əhəmiyyət daşıyan dəniz yollarının açıq saxlanmasına çağırış edə bilər: “Yüksək hərbi-siyasi gərginlik şəraitində bu cür diplomatik təşəbbüslərin effektivliyi məhdud ola bilər və tərəflərin strateji qərarlarına birbaşa təsir göstərməyə bilər. Belə bir vəziyyət regionda geosiyasi balansı daha da mürəkkəbləşdirə, Çin və İran arasında strateji tərəfdaşlıq çərçivəsində yeni siyasi müzakirələrin yaranmasına səbəb ola və Pekini iqtisadi maraqlar ilə regional təhlükəsizlik reallıqları arasında daha incə diplomatik manevrlər etməyə məcbur edə bilər”.

Yaxın Şərqdə artan geosiyasi gərginlik qlobal enerji bazarlarının sabitliyi üçün əsas risk faktorlarından biri olaraq qalır. Ekspertlərin qiymətləndirmələri də onu göstərir ki, qısamüddətli qiymət artımları və bazar dalğalanmaları mümkündür, lakin hazırkı mərhələdə uzunmüddətli və genişmiqyaslı enerji böhranı ehtimalı nisbətən məhdud görünür. Bununla belə, Hörmüz boğazı kimi strateji marşrutlarda yaranacaq hər hansı ciddi pozuntu qlobal enerji tədarükünə, inflyasiya dinamikasına və beynəlxalq ticarət marşrutlarına əhəmiyyətli təsir göstərə bilər. Mövcud şəraitdə enerji bazarlarının gələcək istiqaməti regional təhlükəsizlik vəziyyətindən, böyük istehlakçı və istehsalçı ölkələrin siyasətindən və qlobal təchizat zəncirlərinin dayanıqlılığından birbaşa asılı olacaq.

Faiq Mahmudov Yaxın Şərq geosiyasi gərginlik qlobal enerji bazarı neft qiymətləri Hörmüz boğazı enerji təchizatı Brent nefti qlobal inflyasiya enerji təhlükəsizliyi beynəlxalq ticarət marşrutları

Xəbər Lenti