Bazar ertəsi, 16 Mart, 2026
Tarix: 16 Mar 2026 11:29
“Abşeron” Yatağının Tam İşlənilməsi Layihəsi çərçivəsində ilk qızıl hasilatı 2029-cu ilin sentyabrında planlaşdırılır.
Bu barədə “APA-Economics” “Abşeron” yatağının işlənilməsi ləyihəsində iştirak edən "TotalEnergies Absheron B.V." şirkətinə istinadən xəbər verir.
“Layihə qrafikinə əsasən, quruda və dənizdə tikinti və istismara vermə fəaliyyətləri başa çatdıqdan sonra ilk qazın 1 sentyabr 2029-cu ildə hasil ediləcəyi gözlənilir”, - məlumatda qeyd olunur.
Məlumata görə, Abşeron YTİ Layihəsi, Erkən Hasilat Sxemi layihəsinin uğurla həyata keçirilməsindən sonra Abşeron dəniz qaz-kondensat yatağının işlənməsinin növbəti mərhələsini təmsil edir. Layihəyə üç (üstəgəl bir gələcək) sualtı quyunun qazılması, sualtı infrastrukturun quraşdırılması, dənizdə və quruda boru kəmərlərinin çəkilməsi və bp Səngəçal Terminalından təxminən 4 km cənub-qərbdə quruda Mərkəzi Emal Obyektinin (MEO) tikintisi daxildir.
“MEO, Cənubi Qafqaz Boru Kəmərinə (CQBK) və Daxili Qaz Şəbəkəsinə (DQŞ) ixrac etmək üçün xam quyu mayelərini, qazı emal edəcək və sabitləşdirilməmiş kondensatı Səngəçal Terminalına ixrac edəcək. İlk Qaz təxminən 30 illik istismar müddəti ilə 2029-cu ilin sentyabr ayına planlaşdırılır”, - məlumatda bildirilir.
“Abşeron” qaz-kondensat yatağı Cənubi Xəzər neftli-qazlı hövzəsinin Abşeron arxipelaqında, Bakı şəhərindən 85-100 km şərqə doğru dənizin təxminən 350-550 metr dərinliyində yerləşir. İlkin hesablamalara görə, “Abşeron” yatağının karbohidrogen ehtiyatları 350 milyard m³ qaz və 45 milyon ton kondensat təşkil edir. Yatağın işlənilməsini SOCAR və “TotalEnergies”in birgə operatoru olan “JOCAP” şirkəti həyata keçirir.
04.08.2023-cü il tarixində “Abşeron” layihəsinə daha bir səhmdar – Abu Dabi Milli Neft Şirkəti (ADNOC) daxil oldu və beləliklə, SOCAR və “TotalEnergies” şirkətləri hərəsi 35%, ADNOC isə 30% səhmə malik olmaqla səhmdarların yeni pay bölgüsü formalaşdı.
Emil İsmayılov Abşeron TotalEnergies SOCAR ADNOC