Cümə axşamı, 19 Mart, 2026
Tarix: 19 Mar 2026 16:39
Tüstü bacalarının istismarında təhlükəsizlik texnikası Qaydası təsdiqlənib.
APA-nın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.
Tikinti obyektlərinin tüstü bacalarının istismarında təhlükəsizlik texnikasına dair aşağıdakı tələblər müəyyən edilir:
- tüstü bacaları qaz qurğularında yaranan yanma məhsullarının (tüstü qazlarının) sorularaq atmosferə atılmasını təmin etməli, onun texniki sazlığına və
quruluşuna ziyan vura biləcək təsirlərdən mühafizə olunmalıdır;
- istehlakçılar tərəfindən qaz qurğusu işə salınmazdan əvvəl tüstü bacalarının sorma qabiliyyəti hava axınının istiqaməti təyin olunmaqla yoxlanılmalıdır;
- tüstü bacalarının borularının birləşmə nöqtələrində boşluq olmamalı və borular bir-birinə kip olmalı, habelə tüstü bacasının en kəsiyinin sahəsi tüstü bacasına
birləşdirilən qaz qurğusunun boru qolunun en kəsiyindən az olmamalıdır;
- tüstü bacalarının təmizlənməsi üçün nəzərdə tutulan “ciblərin” vəziyyəti, başlıqlar və kəsiklər yanğın təhlükəsizliyinə dair qanunvericiliyin tələblərinə cavab verməlidir;
- yaşayış binalarının mənzil mülkiyyətçiləri (bina mənzil mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edildikdə), mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti, ixtisaslaşmış istehlak kooperativi, binanı idarə edən hüquqi şəxs və fərdi sahibkar (idarəedici təşkilat), habelə digər qazlaşdırılmış tikinti obyektlərinin mülkiyyətçiləri (istifadəçiləri) ixtisaslaşmış podratçı və ya qeyri-məişət istehlakçısının müvafiq ixtisaslı işçi heyəti tərəfindən binanın tüstü bacalarına ildə bir dəfə (hər il iyulun 1-dək) texniki xidmətin həyata keçirilməsi təmin edilməli, qeyri-məişət istehlakçısının müvafiq ixtisaslı işçi heyəti və ya ixtisaslaşmış podratçı tərəfindən qanuna uyğun texniki xidmətin nəticəsi barədə akt tərtib edilməli və bir nüsxəsi müayinə və texniki xidmət məlumatları üzrə reyestrə (Reyestr) daxil edilməsi üçün qazpaylayıcı sistem operatoruna təqdim edilməlidir;
- dövlət mənzil fondu binalarında tüstü bacalarına texniki xidmətin həyata keçirilməsi balans mənsubiyyəti üzrə balansında dövlət mənzil fonduna aid yaşayış sahələri olan dövlət orqanları (qurumları) tərəfindən ildə bir dəfə (hər il iyulun 1-dək) qanuna uyğun olaraq təmin edilməli və texniki xidmətin həyata keçirilməsinə dair tərtib edilmiş aktın bir nüsxəsi Reyestrə daxil edilməsi üçün qazpaylayıcı sistem operatoruna təqdim edilməlidir;
- istehlakçılar yaşayış evlərinin tüstü bacalarının işçi vəziyyətdə saxlanılmasını və müayinə keçirilərkən aşkar edilmiş nöqsan və (və ya) pozuntuların aradan qaldırılması üçün texniki xidmətin ixtisaslaşmış podratçı tərəfindən həyata keçirilməsini təmin etməlidirlər;
- qaz qurğusu quraşdırılan tikilidə qaz sızması və tüstünün geri dönməsi risklərinin qarşısını alan havalandırma və havadəyişmə xətləri nəzərdə tutulmalıdır;
- istilik qurğularının yerləşdiyi tikinti obyektlərinin tüstü bacalarına münasibətdə əlavə olaraq “İstilik təchizatı haqqında” qanunda nəzərdə tutulmuş istilik qurğularının texniki istismar qaydaları ilə müəyyən edilmiş tələblər yerinə yetirilməlidir.
Tüstü bacalarının istismarı zamanı istehlakçılara aşağıdakılar qadağandır:
- tüstü bacalarının quruluşunu dəyişdirmək, tüstü bacalarının təmizlənməsi üçün nəzərdə tutulan “cibləri” hörmək və ya bağlamaq;
- tüstü bacalarının və tüstüötürücü xətlərinin bağlanmasına səbəb ola bilən hər hansı kənar müdaxilə;
- tüstü bacalarının təhlükəsiz və etibarlı istismarının təmin olunması məqsədilə müayinə aktı üzrə aşkar edilmiş nöqsan və (və ya) pozuntular aradan qaldırılmadan qaz qurğularından istifadə etmək;
- tüstü bacalarından təyinatına uyğun olmayan məqsədlər üçün istifadə etmək;
- tüstü bacalarının yaxınlığında yanan materiallardan hazırlanmış əşyalar yerləşdirmək.
Firuzə Vahid tüstü bacaları