Rusiya Britaniya səfirliyinin katibinin akkreditasiyasını ləğv edib

Tarix: 30 Mar 2026 11:54

Rusiya Britaniya səfirliyinin katibinin akkreditasiyasını ləğv edib.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) məlumat yayıb.

Bildirilib ki, Britaniya səfirliyinin ikinci katibi Yanse van Rensburq Albertus Gerardus ekspertlərdən "həssas məlumatlar" əldə etməyə cəhd etməkdə şübhəli bilinir.

Bundan əlavə, FSB onun Rusiyaya daxil olarkən yalan məlumat verdiyini açıqlayıb.

FSB diplomatın fəaliyyətində "Rusiya Federasiyasının təhlükəsizliyini təhdid edən kəşfiyyat və təxribat fəaliyyəti" əlamətləri aşkar etdiyini və "Rusiya iqtisadi ekspertləri ilə qeyri-rəsmi görüşlər zamanı həssas məlumatlar əldə etmək cəhdlərini" qeydə aldığını iddia edib.

Qeyd olunub ki, Gerardus iki həftə ərzində Rusiyanı tərk etməlidir. FSB Rusiya vətəndaşlarına "Britaniya diplomatik nümayəndəliyinin ərazisində də daxil olmaqla, Britaniya diplomatları ilə görüşməkdən çəkinməyi" tövsiyə edib.

Bununla əlaqədar, Britaniyanın Moskvadakı müvəqqəti işlər vəkili Deyni Dolakiya Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. Rusiya XİN Böyük Britaniyaya sərt etiraz bildirib.

Nazirlikdən bildirilib ki, Moskva Rusiyada Britaniya xüsusi xidmət orqanlarının elan edilməmiş əməkdaşlarının fəaliyyətinə dözməyəcək.

Fərid Əkbərov Rusiya Britaniya səfirliyi

Xəbər Lenti