İranda 132 mədəni irs abidəsinin müharibədən zərər gördüyü bildirilir

Tarix: 31 Mar 2026 16:08

İranın 132 mədəni irs abidəsi birbaşa və dolayı zərər görüb, ciddi dağıntılara məruz qalıb.

APA-nın Tehran bürosu xəbər verir ki, bu barədə UNESCO-nun İran üzrə Milli Komissiyasının katibi Həsən Fərtusi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, müharibə zamanı zərər görən abidələr arasında TehrandaGülüstan sarayı, İsfahandakı Çehel-sütun Sarayı və digər bir sıra komplekslər yer alır ki, bunlar da UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib və təkcə İrana aid deyil. Həsən Fərtusi qeyd edib ki, UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi üçün iş aparılan Luristan əyalətində yerləşən Fəlak ol-Əflak qalası da zərər görüb. O vurğulayıb ki, zərər görmüş abidələrlə bağlı hesabatlar həm yazılı, həm də vizual formada hazırlanaraq UNESCO-nun komissiyasına təqdim olunacaq.

Həsən Fərtusi deyib ki, ABŞ və İsrailin aviazərbələri nəticəsində İranda universitetlərə də çox ciddi ziyan dəyib, bununla bağlı 149 fakt qeydə alınıb.

Fərtusi əlavə edib ki, region ölkələri Haaqa Konvensiyasının icrasını təmin etməlidir. Belə ki, bu konvensiyaya əsasən, mədəni irs nümunələri silahlı münaqişələr zamanı qorunmalıdır.

Haşim Rahimi

UNESCO İran

Xəbər Lenti