Çərşənbə axşamı, 31 Mart, 2026
Tarix: 31 Mar 2026 17:17
Macarıstanın xarici işlər naziri Peter Siyarto Rusiyanın XİN başçısı Sergey Lavrovla telefon danışığının sızdırılmasına münasibət bildirib.
APA-nın xəbərinə görə, nazir “Facebook” səhifəsindəki paylaşımında belə bir telefon danışığının baş tutduğunu inkar etməyib.
Onun sözlərinə görə, xarici xüsusi xidmət orqanları Macarıstan jurnalistlərinin iştirakı ilə bir müddətdir onun telefon danışıqlarını dinləyir.
Siyarto bunu ironiya ilə “böyük kəşf” adlandırıb: “Bu gün növbəti “böyük kəşf” etdilər: mənim telefonla dediklərimlə ictimaiyyətə açıqladıqlarımın eyni olduğunu sübut etdilər. Əla bir iş”.
Xarici işlər naziri həmçinin sızdırılmış danışığın məzmununu şərh edib. Onun sözlərinə görə, dörd ildir açıq şəkildə eyni şeyi deyir: “Biz dəfələrlə açıq şəkildə bildirmişik ki, Macarıstanın enerji təchizatının təhlükəsizliyi üçün vacib olan şəxslərə və ya şirkətlərə, sülhün təmin edilməsi məqsədilə, eləcə də sadəcə sanksiya siyahısında olmasının mənası olmayan şəxslərə heç vaxt sanksiya tətbiq etməyəcəyik. Gələcəkdə də buna qətiyyətlə riayət edəcəyik”.
Qeyd edək ki, bir qədər əvvəl “VSquare” Rusiya XİN başçısı Sergey Lavrov və onun macarıstanlı həmkarı Peter Siyarto arasında telefon danışığının səs yazılarını yayımlayıb. 2024-cü ilin avqust ayının 30-da baş tutan telefon danışığında Lavrov rusiyalı oliqarx Alışer Usmanovun bacısı Qulbaxor İsmayılovanın Aİ-nin sanksiya siyahılarından çıxarılmasını istəyib və Siyarto bu məsələdə kömək edəcəyinə söz verib və “Mən həmişə xidmətinizdəyəm” deyib.
“Bəli, əlbəttə. Slovakiyalılarla birlikdə Avropa İttifaqına onun siyahıdan çıxarılması üçün təklif göndəririk. Bunu gələn həftə təqdim edəcəyik və yeni baxış dövrü başladığı üçün bu məsələ gündəliyə daxil ediləcək, biz onun siyahıdan çıxarılması üçün əlimizdən gələni edəcəyik”, - Siyarto Lavrovun xahişinə cavab verib.
Bundan əlavə, adını açıqlamayan təhlükəsizlik üzrə Avropa rəsmisinin “Washington Post”a bildirdiyinə görə, Macarıstanın xarici işlər naziri mütəmadi olaraq Sergey Lavrova zəng edərək Aİ-dəki müzakirələrin məzmunu və mümkün qərarlar barədə operativ məlumat verib.
“Belə sıx əlaqələr nəticəsində Rusiya faktiki olaraq illərdir Avropa İttifaqının hər iclasında danışıqlar masasında qiyabi iştirak edib”, - avropalı rəsmi bildirib.
İlqar Xudiyev Siyarto Macarıstan Rusiyaya qarşı sanksiyalar Lavrov