FHN-də 31 mart – Sоyqırımı Günü ilə əlaqədar tədbirlər keçirilib

Tarix: 31 Mar 2026 18:11

Fövqəladə Hallar Nazirliyinin strukturlarında 31 mart – Azərbaycanlıların Sоyqırımı Günü ilə əlaqədar anım tədbirləri kеçirilib.

FHN-dən APA-ya verilən xəbərə görə, tədbirlərdən əvvəl şəxsi heyət tərəfindən Şəhidlər xiyabanı ziyarət olunub, şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilib. Nazirliyin əməkdaşları, həmçinin soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirildiyi muzeyi də ziyarət ediblər.

Dövlət Himninin səsləndirilməsi ilə başlanılan toplantılarda soyqırımı qurbanlarının, eləcə də Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

31 mart – Azərbaycanlıların Soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş tədbirlərdə XX əsrin əvvəllərində xalqımıza qarşı törədilmiş kütləvi qırğınların mahiyyəti bir daha xatırlanıb, bu faciələrin tarixi yaddaşda qorunub saxlanılmasının vacibliyi vurğulanıb. Natiqlər 1918-ci ilin mart-aprel aylarında erməni-daşnak birləşmələri tərəfindən törədilmiş hadisələrin mahiyyəti, nəticələri və Azərbaycan xalqına vurduğu ağır zərbələr barədə geniş məlumat veriblər.

Qeyd olunub ki, həmin dövrdə minlərlə günahsız insan yalnız milli və dini mənsubiyyətinə görə amansızlıqla qətlə yetirilib, yaşayış məntəqələri barbarcasına dağıdılıb.

Çıxışlarda xüsusi vurğulanıb ki, xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən 26 mart 1998-ci ildə imzalanmış “Azərbaycanlıların soyqırımı haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə həmin tarixin Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunması bu faciəyə hüquqi-siyasi qiymət verilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu siyasət Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən sistemli şəkildə davam etdirilib və həqiqətlər beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılıb.

Tədbirlərdə, həmçinin bildirilib ki, 44 günlük Vətən müharibəsi və 23 saatlıq antiterror tədbirləri Azərbaycanın üzləşdiyi 30 illik işğala son qoymaqla yanaşı, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası ilə yekunlaşıb, 200 illik məkrli və qanlı tarixə malik erməni separatizmi “Dəmir yumruğun” qarşısıalınmaz zərbəsi ilə məhv edilib.

Tədbirlərdə azərbaycanlıların soyqırımı tarixini əks etdirən filmlər nümayiş olunub.

Selcan Zaurqızı Fövqəladə Hallar Nazirliyi FHN tədbir

Xəbər Lenti