Çərşənbə axşamı, 31 Mart, 2026
Tarix: 31 Mar 2026 17:34
Kəlbəcər rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalı zamanı Kəlbəcər-Laçın tunelində törədilən qətliamdan 33 il ötür.
APA xəbər verir ki, 1993-cü il martın 31-də Kəlbəcər-Laçın tunelində qırğın Kəlbəcərin 36 kəndini birləşdirən yeganə avtomobil yolunu ələ keçirmək, Kəlbəcəri mühasirədə saxlamaq məqsədilə törədilib. Qadınlar, yaşlılar, uşaqlar da daxil olmaqla, ümumilikdə 52 nəfər qətlə yetirilib, 64 nəfər əsir götürülüb.
Kəlbəcər rayonunun işğalı zamanı dinc sakinlər yeganə çıxış yolu olan tunel istiqamətində hərəkət ediblər. Lakin erməni hərbçiləri tunelin hər iki tərəfini nəzarətə götürərək, silahsız insanları pusquya salıblar.
Hadisənin canlı şahidi, Kəlbəcər rayonunun Günəşli kənd sakini Qoşqar Quluyev deyib ki, martın 31-də kəndlərini məcburən tərk ediblər: "Tuneli keçdikdən sonra dağın döşündən bizi atəşə tutmağa başladılar. Qadınların, uşaqların qışqırtısından qulaq tutulurdu. Bizim olduğumuz maşında 5 nəfər yerindəcə öldü. Qarşıda gedən "Kamaz"ı qumbaraatanla vurdular, orada 20-dən çox adam həlak oldu”.
Şahidlərin bildirdiyinə görə, 12 yaşlı Ramin Hüseynov atəş altından qaçaraq özünü çaya atıb və çayboyu geri qayıdaraq digər maşınların pusquya düşməsinin qarşısını alıb.
Digər şahid Bəxtiyar Quluyev isə ailəlikcə yaşadıqları faciə, itkin bacısı barədə danışıb: “Bizim ailəmizin 8 üzvünün hamısı yaralanmışdıq. Qardaşım İslam aldığı yaradan dünyasını dəyişdi. Ermənilər onu Heyvalıda basdırdı. Yeri naməlumdur. 11 yaşlı bacım Şahnaz isə gülləbaran edilən maşında qalmışdı. Ondan indiyə qədər heç bir xəbər yoxdur.”
Tunel yaxınlığında sağ qalanlar və yaralılar erməni hərbçiləri tərəfindən əsir götürülərək Xankəndiyə, oradan isə Şuşa həbsxanasına aparılıblar. Şahidlər bildiriblər ki, yaraları sağalmamış hər gün ağır işgəncələrə və təhqirlərə məruz qalıblar. Qoşqar Quluyev 6 ay, Bəxtiyar Quluyev isə 7 ay davam edən əsirlikdən sonra azad ediliblər.
44 günlük Vətən müharibəsi, Kəlbəcərin işğaldan azad edilməsi ilə faciə qurbanlarının qisası alınıb. Bu gün Azərbaycan dövləti Kəlbəcərdə sürətli bərpa işləri apararaq dinc sakinlərin öz doğma yurdlarına təhlükəsiz qayıdışını təmin edir. Lakin 31 mart "tunel faciəsi" və itkin düşən Şahnaz kimi yüzlərlə insanın taleyi yaddaşlarda silinməz yara kimi qalacaq.
Elgün Gəncimsoy Kəlbəcərdə “Tunel qırğını” Kəlbəcər-Laçın tunelində törədilən qətliam





