Növbəti köç karvanı Kəlbəcər şəhərinə çatıb, açarlar təqdim olunub- FOTO - YENİLƏNİB-1 - VİDEO

Tarix: 02 Apr 2026 16:02

Aprelin 2-də “Böyük Qayıdış” Proqramı çərçivəsində yenidən qurulan Kəlbəcər şəhərinə sayca 6-cı köç reallaşıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu mərhələdə Kəlbəcər şəhərinə 27 ailə - 113 nəfər köçürülüb.

Bu köçün məhz aprelin 2-nə təsadüf etməsi rəmzi məna daşıyır. Belə ki, 33 il əvvəl - 1993-cü il aprelin 2-də Kəlbəcər rayonu işğal olunmuşdu. Onilliklər boyu kəlbəcərlilərin yaddaşında ağrı və ayrılıq günü kimi qalan bu tarix, artıq dövlətimizin qüdrəti sayəsində dirçəliş və doğma yurda qovuşma günü kimi yenidən yazılır. 33 il əvvəl məhz bu gün yurdlarından didərgin düşən sakinlər, indi elə həmin təqvim günündə Kəlbəcərə sevinc və qürur hissi ilə qayıdıblar.

Köçlə gələnləri Kəlbəcər şəhərindəki I yaşayış məhəlləsində əlində bayraq tutmuş məktəblilər qarşılayıb. Azərbaycanın dövlət himnini ifa ediblər.

Kəlbəcər şəhərinin birinci yaşayış məhəlləsinə sakinlərin köçürülməsi ilə bağlı təşkil olunan mərasimdə Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

Sonra ailə başçılarına mənzillərin açarları təqdim olunub. Ailələr yeni mənzillərində yerləşiblər. Həmin mənzillər fasiləsiz su, elektrik enerjisi, istilik, yüksəksürətli internet xətləri ilə təmin edilib.

Bununla da şəhərin I yaşayış məhəlləsində birinci mərhələ üzrə ümumilikdə 162 (680 nəfər) ailənin qayıdışı təmin edilib.

Köçürülən əhali müxtəlif yaş kateqoriyalarını əhatə edir. Əmək qabiliyyətli sakinlər əsasən dövlət və özəl sektorda müxtəlif istiqamətlər üzrə əmək fəaliyyəti ilə məşğul olur, bir sıra dövlət qurumlarında, xidmət, infrastruktur və istehsal sahələrində çalışırlar.

Qeyd edək ki, Kəlbəcər şəhərinə qayıdış prosesi mərhələli şəkildə davam etdirilir və dayanıqlı məskunlaşmanın təmin olunması istiqamətində işlər ardıcıl olaraq həyata keçirilir.

***

15.17

Növbəti köç karvanı Kəlbəcər şəhərinə çatıb.

https://t.me/apa_az/116988

APA-nın bölgə müxbiri xəbər verir ki, bu mərhələdə Kəlbəcər şəhərinə 27 ailə - 113 nəfər köçürülüb.

Köçürülənlər respublikanın müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

***

11.52

İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış proqramı çərçivəsində aprelin 2-də Kəlbəcər şəhərinə növbəti köç yola salınıb.

APA-nın bölgə müxbiri xəbər verir ki, köç karvanı Tərtər şəhərindən yola salınıb.

Bu mərhələdə Kəlbəcər şəhərinə 27 ailə - 113 nəfər köçürülür. Köçürülən ailələr Kəlbəcər şəhərində birinci yaşayış məhəlləsində daimi məskunlaşacaqlar.

Onlar respublikanın müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Beləliklə, bugünkü köç də nəzərə alınmaqla azad edilən ərazilərdə (1 şəhər, 10 rayonun 41 yaşayış məntəqəsində) 7 840 ailə (31 505 nəfər) məskunlaşmış olacaq.

Elgün Gəncimsoy Kəlbəcər şəhəri köç

Xəbər Lenti