İran dronları Küveytin neft sektoru kompleksinə zərbələr endirib

Tarix: 05 Apr 2026 10:08

İran dronları Küveytin neft sektoru kompleksinə, enerji və dövlət obyektlərinə zərbələr endirib.

“Kuwait Petroleum Corporation”un (KPC) məlumatına görə, dron hücumundan sonra Şuveyxdə yerləşən və Neft Nazirliyi ilə KPC-nin baş ofisinin yerləşdiyi neft sektoru kompleksində yanğın baş verib.

Al Arabiya xəbər verir ki, bu barədə bazar günü səhər tezdən Küveytin dövlət xəbər agentliyi məlumat yayıb.

Küveyt dövlət mediası Maliyyə Nazirliyinə istinadən bildirib ki, İran dronu dövlət nazirliklərinə məxsus ofis kompleksinə zərbə endirib, nəticədə ciddi maddi ziyan dəyib, lakin xəsarət alan olmayıb.

Bundan əlavə, İran dronlarının iki elektrik stansiyasını və suyun duzsuzlaşdırılması obyektlərini hədəfə alması nəticəsində iki enerji istehsal qurğusu fəaliyyətini dayandırıb. Bu barədə bazar günü Küveytin Elektrik və Su Nazirliyi məlumat verib.

Küveyt dövlət mediasının məlumatına görə, hadisələrin heç birində xəsarət alan olmayıb.

Bununla bağlı, İrandan rəsmi açıqlama verilməyib.

Küveyt İran dron hücumu neft sektoru Şuveyx enerji infrastrukturu elektrik stansiyası suyun duzsuzlaşdırılması ABŞ-İsrail müharibəsi Fars körfəzi dövlət obyektləri

Xəbər Lenti