İran-ABŞ danışıqlarına ekspertlər qoşulub, sabah da davam edə bilər - YENİLƏNİB-1

Tarix: 11 Apr 2026 19:14

İslamabadda İran və ABŞ arasında keçirilən danışıqlar bəzi məsələlər üzrə ümumi müzakirə mərhələsini geridə qoyaraq texniki detallara keçib.

Bu barədə “Tasnim” Agentliyi məlumat yayıb.

Eyni zamanda, danışıqların bir gün uzadılması ehtimalı ilə bağlı müzakirələr aparılır, lakin bu hələ təsdiqlənməyib.

İlkin görüşlər və məsləhətləşmələrdən sonra İran və ABŞ nümayəndə heyətləri arasında dialoq artıq bəzi ümumi mövzuları keçərək konkret detallara və texniki müzakirələrə daxil olub.

Buna uyğun olaraq, hər iki tərəfin ekspertləri müəyyən məsələlərin detallı aspektlərini araşdırır.

Danışıqlar ilkin olaraq bir günlük sessiya kimi planlaşdırılsa da, ekspert səviyyəli müzakirələrin davam etdirilməsi üçün onların əlavə bir gün uzadılması ehtimalı mövcuddur. Lakin bu məsələ hələ yekunlaşdırılmayıb.

***

18:55

İslamabadda ABŞ və İran nümayəndə heyətləri arasında danışıqlar birbaşa aparılır.

APA xəbər verir ki, bu barədə Pakistanın dövlət televiziyası məlumat yayıb.

Pakistan da keçirilən danışıqlarda İran nümayəndə heyətinə parlament sədri Məhəmməd Baqir Qalibaf, ABŞ nümayəndə heyətinə isə vitse-prezident Cey Di Vens rəhbərlik edir.

ABŞ nümayəndə heyətinin tərkibinə prezident Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və Cared Kuşner daxildir.

İran nümayəndə heyətində isə Mərkəzi Bankın rəhbəri Əbdolnasir Hemmati, Müdafiə Şurasının katibi Əli Əkbər Əhmədian və xarici işlər naziri Abbas Əraqçi təmsil olunur.

***

17:20

İran-ABŞ danışıqları İslamabadda başlayıb.

Bu barədə "Tasnim" məlumat yayıb.

Qeyd edilib ki, Pakistanın vasitəçiliyi ilə baş tutan danışıqlar zamanı müzakirə edilən mövzular arasında Livanda atəşkəsin təmin edilməsinə İsrailin məcbur edilməsi, ABŞ-ın İranın aktivlərinin azad etməsi kimi məsələlər də daxildir.

İran ABŞ danışıq İslamabad

Xəbər Lenti